×
A
A
A
Sazlamalar

Turqut Cəfəroğlu: Türkiyədə Azərbaycan həqiqətlərini geniş təbliğ edirik

Bakı, 5 yanvar, Vüqar Qurbanoğlu, AZƏRTAC

Türkiyədə Azərbaycan mədəniyyəti geniş təbliğ olunur. Burada yaşayan müxtəlif xalqların nümayəndələri Azərbaycan ədəbiyyatı, musiqiləri, rəqsləri və mətbəxi ilə yaxından tanış olurlar.
Bu fikirləri AZƏRTAC-a Türkiyənin Kocaeli vilayətindəki Körfəz Şəhər Azərbaycan Mədəniyyət və İdman Dərnəyinin sədri Turqut Cəfəroğlu bildirib.
O qeyd edib ki, dərnəkdə azərbaycanlı uşaqlarla yanaşı, digər xalqların nümayəndələri də idman məşqlərinə, kurslara cəlb olunurlar. Eyni zamanda, dərnəkdə kurslara gələn hər bir şəxs Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı məlumatlandırılır. O, rəhbərlik etdiyi ictimai qurum vasitəsilə insanlar arasında maarifləndirmə işinin aparıldığını da söyləyib.
Bildirilib ki, 1999-cu ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İdman Dərnəyində müxtəlif tədbirlər təşkil olunur. Dərnək ictimai yerlərdə Azərbaycanın milli bayramlarını keçirir. Bundan başqa, Xocalı soyqırımı, 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri təşkil edilir. 2018-ci ildə Körfəz Şəhər Bələdiyyəsinin dəstəyi ilə Xocalı şəhidlərinin abidəsinin açılışı olub.
Turqut Cəfəroğlu Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm işlər gördüklərini qeyd edib. Əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də hər kəsi narahat edən problemdir.

Siyasət 2019-01-05 13:52:00