×
A
A
A
Sazlamalar

İbrahim Karaosmanoğlu: Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi qürurverici hadisədir

Bakı, 5 yanvar, Vüqar Qurbanoğlu, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə inkişafında, Türkiyə ilə əlaqələrin daha da güclənməsində mühüm işlər görüb. Azərbaycan və Türkiyə prezidentləri iki qardaş olaraq bütün çətinlikləri birgə aradan qaldırırlar, nailiyyətlərə birlikdə imza atırlar. Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi bizim üçün qürurverici hadisədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Böyükşəhər Bələdiyyəsinin və Türk Dünyası Bələdiyyələr Birliyinin sədri İbrahim Karaosmanoğlu bildirib.
Sədr qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsi yerli özünüidarəetmə qurumlarımızın əməkdaşlığının inkişafına da imkan yaradıb. Türk Dünyası Bələdiyyələr Birliyi Azərbaycanla yanaşı, 26 ölkənin bələdiyyələri ilə birlikdə layihələr üzərində işləyir. Ancaq Türkiyə bu ölkələr arasında ən yaxın tərəfdaşı kimi Azərbaycanla daha vacib işlər görür. Hər iki ölkə bir-birinin təcrübəsindən istifadə edir. Məhz bunun nəticəsidir ki, bu gün Türkiyə və Azərbaycanın qardaşlaşmış bələdiyyələri var.
Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri bildirib ki, qardaş ölkələrimiz hər zaman bir-birinin yanındadır. Türkiyə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini hər zaman dəstəkləyib və dəstəkləyəcək. Bu gün türk dünyası daha da güclənməlidir. Türk dünyası nə qədər güclü olarsa Dağlıq Qarabağ münaqişəsi kimi məsələlər də öz həllini tez tapar. Bu gün Türkiyədə hər kəs ermənilərin Dağlıq Qarabağda törətdikləri barədə məlumatlıdır. Bu məsələdə bələdiyyələrin də rolu böyükdür. Türkiyənin müxtəlif bələdiyyələrinə məxsus ərazilərdə Xocalı və Qarabağ şəhidlərinə aid abidələr, parklar var.

Siyasət 2019-01-05 10:54:00