×
A
A
A
Sazlamalar

Leonid Kalaşnikov: 2019-cu ildə Azərbaycan xalqının daha da firavanlaşmasını və ən ağrılı problemlərin həll olunmasını arzu edirəm

Moskva, 3 yanvar, AZƏRTAC

RF Dövlət Dumasının MDB Məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Baku” informasiya portalına müsahibəsində Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı barədə danışıb.

X X X

2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox fəal olub. Ən yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub.
Bu il beş Xəzəryanı dövlətin prezidentləri arasında konstruktiv uğurlu danışıqlarla əlamətdar olub. Həmin danışıqlar nəticəsində Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya imzalanıb. Müzakirələri 20 ildən çox davam edən Konvensiya artıq Dövlət Dumasına daxil olub və yaxın vaxtlarda ratifikasiya ediləcək.
Parlament forumları məkanında Rusiya Federasiyası Dövlət Dumasının və Azərbaycan Milli Məclisinin rəhbərləri arasında dəfələrlə görüşlər keçirilib, ilin əvvəlində Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov Moskvaya, RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfər edib, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. 2018-ci ildə bizim parlamentarilər Azərbaycan parlamentinin 100 illiyinə həsr edilmiş tədbirlərdə və Bakı Humanitar Forumunda iştirak ediblər.
Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması barədə qərar da mühüm hadisə oldu. Rusiya üçün vacib dövlətlərlə bu cür geniş tərkibli komissiyalar yaradılmasını qərara alarkən məqsəd bu idi ki, sadəcə söhbət etməklə və ya “parlament turizmi” ilə məşğul olmaqla kifayətlənməyib, həqiqətən ciddi konkret məsələləri həll edək. Bu məqsədlə həmin komissiyaların tərkibinə parlamentin bütün aparıcı profil komitələrinin, məsələn Nəqliyyat və tikinti komitəsinin, İqtisadi siyasət, sənaye, innovasiyalı inkişaf və sahibkarlıq komitəsinin, habelə Energetika komitəsinin rəhbərlərini daxil etmişik. Bu, parlamentlər səviyyəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzərində işin sürətinin və səmərəsinin artırılmasını təmin etməyə imkan verəcək.
Komissiyaya həm Rusiya, həm də Azərbaycan tərəfindən parlament sədrlərinin müavinləri başçılıq edir.
Hazırda Rusiya 15 ölkə ilə bu cür yüksəksəviyyəli parlamentlərarası komissiya yaradıb.
2018-ci ildə humanitar və mədəni əməkdaşlıq istiqamətində də fəal tədbirlər görmüşük. Məsələn, Dövlət Dumasında bizim parlamentin tarixində ilk dəfə konkret ölkəyə həsr edilmiş milli sərgi təşkil edilib. Məhz Azərbaycanla birgə keçirilən bu sərgi böyük maraq doğurdu.
Bütün ölkəmizi təmsil edən 450 rusiyalı deputat Azərbaycan Respublikanın son illərdə necə dəyişməsini və turistlər üçün cəlbedici olmasını gördülər. Çoxları belə bir faktı özləri üçün “kəşf etdi” ki, adətən yalnız neft və meyvə ilə assosiasiya doğuran Azərbaycanda bu gün xizək idmanı ilə məşğul olmaq imkanları Alp dağları ilə müqayisədə heç də pis deyil. Azərbaycan istər qonaqların qəbul edilməsi səviyyəsinə, istərsə də təbiətin gözəlliyinə, dağ yamaclarının idman məşğələləri üçün münasibliyinə, habelə mehmanxanaların keyfiyyətinə görə həqiqətən çox cəlbedicidir. Bu faktlar çoxları üçün əsl kəşf olub. Təsəvvür edin ki, bu gün Azərbaycanın belə potensiala malik olması barədə Rusiya əhalisinin məlumatlanma səviyyəsi çox aşağıdır. Biz Azərbaycanın belə imkanları barədə rusiyalıları məlumatlandırmalı, Turizm Nazirliyinin diqqətini bu məsələyə cəlb etməliyik. Biz Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə onunla da bu mövzuda söhbət etdik. Şəxsən mən ona dedim: Türkiyəyə fikir verin, Türkiyə kurortları Rusiyada reklam edilir. Mənə belə gəlir ki, dost Azərbaycan Respublikasının kurortları barədə də Rusiyada, hətta daha geniş miqyasda belə tədbirlər görmək olar.
Məsələn, mənim bir siyasətçi dostum bu il Azərbaycana – Şahdağda xizək sürməyə gedəcək. Azərbaycanda istirahət etməyə gedən belə insanlar çoxdur.
Bütövlükdə bizim ikitərəfli münasibətlər barədə qeyd etmək istəyirəm ki, heç nə, hətta Cənub Qaz Dəhlizinin işə salınması da bu münasibətlərə xələl gətirə bilməz. Fikir verin, bəzi qonşularımız “Şimal axını-2” layihəsinin əleyhinə çıxış edir. Biz isə bütün bunlara rəğmən Azərbaycanla dostluğu və əməkdaşlığı davam etdiririk. Düzdür, Azərbaycan tərəfindən rəqabət bizi də sevindirmir, lakin biz başa düşürük ki, rəqabət öz yerində, amma bu səbəbdən iki dövlətin dostluğu zəifləyə bilməz. Rusiyanın bu cür qaz siyasəti bəzi işbazların, oliqarxların xoşuna gəlməyə bilər. Lakin Putinin, Rusiya dövlətinin Azərbaycana münasibətdə siyasəti dostcasına siyasətdir, biz bunu heç vaxt gizlətmirik və başqalarına da başa salırıq.
Mənim fikrimcə, həm Rusiyanın, həm də Azərbaycanın xoşbəxtliyindən, bizim bu cür münasibətlərimizin əsası ondan ibarətdir ki, hər iki ölkənin prezidentləri bu dostluğun, bu cür qarşılıqlı münasibətlərin qədrini bilir. Bu, çox vacibdir və biz əlimizdən gələni etməliyik ki, bundan sonra da belə olsun, heç kəs bunu şübhə altına almasın. Əks halda bu, Rusiyanın siyasi mənafelərinə zidd olar.
Azərbaycanla parlamentlərarası əməkdaşlığın perspektivləri məsələsinə gəldikcə, qeyd etməliyəm ki, hazırda, 2019-cu ilin lap əvvəlində Dövlət Dumasında birgə konfrans keçiriləcək.
2019-cu ildə Rusiya və Azərbaycan parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri nəzərdə tutulur. Bu səfərlərin konkret müddətini demək hələ çətindir, lakin belə səfərlər planlaşdırılıb. Güman edirəm ki, görüşdə yüksəksəviyyəli parlamentlərarası komissiya yaradılması barədə müqavilə imzalanacaq. Rusiya tərəfindən həmin komissiya barədə sənədlər hazırlanıb, həm Xarici İşlər Nazirliyində, həm də Duma Şurasında razılaşdırılıb. Azərbaycanda son məsləhətləşmələr aparılır. Ümumiyyətlə, bu məsələ ilə əlaqədar xırda ştrixlər qalıb.
Bizim spikerlər qarşılıqlı ikitərəfli səfərlərdən əlavə bir sıra ümumi məkanlarda, o cümlədən Qazaxıstanda Avrasiya dövlətləri spikerlərinin parlament sammitində görüşəcəklər.
Biz beş Xəzəryanı dövlətin spikerlərinin Xəzər regionunun inkişafı problemlərinə həsr edilmiş konfransını keçirmək imkanını da araşdırırıq. Bu məsələ bütün 5 dövlətin spikerləri ilə müzakirə ediləcək. Lakin Azərbaycan və Rusiya, bizim spiker Volodin belə konfransın keçirilməsinə tərəfdardır. Həmin tədbiri Xəzər sahilində 5 ölkənin şəhərlərindən birində keçirmək olar.
Sonda mən Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etmək istərdim. Azərbaycan xalqına daha artıq firavanlıq, respublikanı narahat edən ən ağrılı problemlərin hamısının həll olunmasını arzu edirəm. Hesab edirəm ki, ən ağrılı problemləri yalnız qonşu ölkələr, bizim prezidentlər danışıqlar masası arxasında həll edə bilər. Lakin təəssüf ki, bu məsələyə üçüncü qüvvənin, bizim ölkələrimizdən bir neçə min kilometr uzaqda yerləşən qüvvənin müdaxilə etməsi göz qabağındadır. O, problemdən öz məqsədləri üçün istifadə edir. Mən, o cümlədən bu səbəbdən, ATƏT-in Minsk qrupuna şübhə ilə yanaşıram. 30 ilə yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsi problemi həll edilməyib. Mən əminəm ki, Azərbaycanın inkişafına, onun həyatına kölgə salan məsələlər həll ediləcək. Əsas odur ki, Azərbaycan Respublikası düzgün istiqamətdə irəliləyir.
Mən həm ölkənizin vətəndaşlarına, həm də onun rəhbərliyinə uğurlar arzulamaq istərdim. Mənim üçün çox xoşdur ki, Azərbaycan rus dilinin inkişafı üçün əlverişli şəraiti qoruyub saxlayır, rusdilli məktəbləri saxlayır və yenilərini açır. Mən onu həmişə nümunə gətirirəm.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Prezident İlham Əliyevin fəaliyyətinə, onların respublikada rus dilinin və rus məktəblərinin qorunub saxlanması məsələsinə necə yanaşmalarına xüsusi hörmət bəsləyirəm. Mən Azərbaycan vətəndaşlarına, o cümlədən Rusiyada yaşayan azərbaycanlılara uğurlar, sevgi, dostluq, xoşbəxtlik arzu edirəm. Ümidvaram ki, mənim bütün arzularım və azərbaycanlıların Yeni il axşamında ürəklərində tutduğu niyyətlər həyata keçəcək!

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2019-01-03 12:08:00