×
A
A
A
Sazlamalar

Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Daşkənd, 1 yanvar, АZƏRTAC

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edib.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbriki oxunub.
RAMMM-nin sədri Firdovsi Hüseynov deyib ki, 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd olunan bu bayram sonradan Azərbaycanın bütün ərazisində keçirilməyə başlanıb. O ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsi ilə bağlı tarixi qərarının mahiyyətindən danışıb.
Özbəkistan Yazıçılar İttifaqının üzvü, şair Əli Nəsirli dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılan qətiyyətli addımlardan söz açıb.
Sonra qurumun fəal üzvlərinə fəxri fərmanlar təqdim olunub.
Daha sonra qonaqlar milli təamlarımızdan ibarət süfrəyə dəvət ediliblər.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Diaspor 2019-01-01 13:46:00