×
A
A
A
Sazlamalar

Dubayda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Əbu-Dabi, 31 dekabr, AZƏRTAC 

Dubayda yaradılmış Azərbaycan Evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi, Dubay şəhərindəki baş konsulluğu və ticarət nümayəndəliyinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları”nın dəstəyi ilə keçirilmiş tədbirdə bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak edib.
Səfir Daşqın Şikarov həmrəylik gününün mahiyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideyasının yaradılması və güclənməsinə verdiyi önəm, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin davamlı şəkildə gücləndirilməsinə göstərdikləri diqqət barədə danışıb, dövlətimizin başçısının dünya azərbaycanlılarına müraciətini oxuyub.
Sonra çıxış edən ticarət nümayəndəsi Elnur Əliyev azərbaycanlıların həmrəyliyinin və Vətənə bağlılığının önəmindən danışıb, Azərbaycan Evinin yaradılmasının bir məqsədinin də həmvətənlərimizin tez-tez toplaşa biləcəyi məkanın olması zərurətindən irəli gəldiyini bildirib.
Tədbir konsert proqramı ilə davam edib.
Daha sonra qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadıblar.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində 2019-cu il yanvarın 4-də Dubayın məşhur “Citywalk” meydanında azərbaycanlı müğənnilərin iştirakı ilə konsert proqramı keçiriləcək.

 

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi

Siyasət 2018-12-31 16:06:00