×
A
A
A
Sazlamalar

Bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilib

Bakı, 29 yanvar, AZƏRTAC

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların ailələrinin və bu döyüşlərdə əlil olmuş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, dövlət başçısının 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bunun nəticəsində 2018-ci ildə nazirlik tərəfindən həmin kateqoriyalardan olanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan yaranıb.
Bu il avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə 35 mənzilin verilməsindən sonra nazirlik tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 145 mənzil və Mehdiabad qəsəbəsində 72 mənzil, Bakının Qaradağ rayonunda 200 mənzil, İmişli rayonunda 54 mənzil, Şamaxı rayonunda 36 mənzil, o cümlədən regionlarda fərdi evlər şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub. Beləliklə, bu ilin axırında ölkədə mənzillə təmin edilmiş əlil və şəhid ailələrinin sayı 6,7 minə çatıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2019-cu ildə azı 800 mənzilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur.

Sosial 2018-12-29 15:18:00