×
A
A
A
Sazlamalar

Həmvətənimizə “Moskva şəhərinin fəxri sənaye işçisi” adı verilib

Moskva, 29 dekabr, AZƏRTAC
Moskvadakı “Mosazervinzavod” Səhmdar Cəmiyyətinin direktoru Elman Bayramova “Moskva şəhərinin fəxri sənaye işçisi” adı verilib.
AZƏRTAC xəbər verir ki, Moskva meriyasının binasında yeyinti sənayesi müəssisələrinin ən yaxşı işçilərinin namuslu əməyə və bu sahənin inkişafına verdikləri töhfəyə görə təltif edilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Təltif edilənlər arasında “Mosazervinzavod” Səhmdar Cəmiyyətinin direktoru, həmvətənimiz Elman Bayramov da var.
Elman Bayramov uzun illərdir ki, “Mosazervinzavod” Səhmdar Cəmiyyətinə rəhbərlik edir. Bu illər ərzində şirkət Rusiyada konyak istehsal edən müəssisələrin liderlərindən birinə çevrilib. 1925-ci ildə “Azərbaycan Dövlət şərab-spirt tresti” adı ilə yaradılmış Azərbaycan şərab zavodu Rusiyanın alkoqol bazarında haqlı olaraq qüsursuz işgüzar nüfuz qazanıb. “Mosazervinzavod” keçmiş SSRİ-nin və Rusiyanın sakinlərinin bir neçə nəsli arasında populyar brendlərə malik olan bəlkə də yeganə müəssisədir.
Zavoda konyaklar və konyak spirtləri Azərbaycanın Gəncə şəhərindən, həmçinin Xaçmaz, Göygöl, Şamaxı, Göyçay və digər məşhur şərabçılıq rayonlarından göndərilir.
Elman Bayramov çoxillik qüsursuz əməyinə görə Azərbaycanın “Dostluq” ordeni ilə, “Böyük Vətən müharibəsində Qələbənin 65 illik bayramına hazırlıq işinə verdiyi töhfəyə görə” medalı, Moskva hökumətinin diplomları və fərmanları ilə təltif edilib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Diaspor 2018-12-29 11:57:00