×
A
A
A
Sazlamalar

Fəxrəddin Həsənzadə: Gələn il Gənclər üçün Təhsil Mərkəzinin əsas hədəflərindən biri regional ofislərimizin sayının artırılmasıdır

Bakı, 28 dekabr, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycanın ictimai həyatında fəallığı ilə seçilən aparıcı gənclər təşkilatlarından biri də Gənclər üçün Təhsil Mərkəzidir. Mərkəz Bakıda, eləcə də regional ofisləri vasitəsilə bölgələrdə silsilə layihələr həyata keçirərək region gənclərinin də fəallığının artırılmasına mühüm töhfə verir.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə AZƏRTAC-a məxsusi müsahibəsində rəhbərlik etdiyi qurumun il ərzində fəaliyyətindən və qarşıda duran planlardan danışıb. Müsahibəni təqdim edirik.
- Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ili hansı uğurlarla başa vurur?
- Əvvəlcə qeyd etmək istərdim ki, bir neçə gün əvvəl Gənclər üçün Təhsil Mərkəzinin yaranmasının 18-ci ildönümünü qeyd edib. Hər ötən il təşkilatımızın qarşısında yeni hədəflərlə yanaşı, məsul tələblər də qoyur. Yola saldığımız ildə 80-dən çox görüş, konfrans və təlimlər keçirmişik. Bunların arasında ənənəvi proqramlarımızla yanaşı, yeni layihələrimiz də üstünlük təşkil edir. Hər layihəmizdə müxtəlif sahələr üzrə maarifçilik ideologiyasının təbliğini prioritet seçməyimiz fəaliyyət strategiyamızın aparıcı hissəsidir. Mərkəz bu sahədə fəaliyyətlərini daha səmərəli qurmaqla, xüsusən gənclərin təhsilinə, dövlətçilik ənənələrinə sadiqliyinə, milli-mənəvi ruhda tərbiyənin təşviqinə böyük önəm verib. Həyata keçirdiyimiz ümumi məqsədlərdən biri isə təhsil alanın qazandığı innovativ bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsi, həmçinin şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasına istiqamətlənmiş layihələr oldu.
- Təşkilatın regional ofisləri də fəallığı ilə seçilir, mütəmadi qaydada nümunəvi tədbirlər təşkil edir, layihələr reallaşdırırlar. Ümumiyyətlə, Gənclər üçün Təhsil Mərkəzi öz fəaliyyətini regionlarda necə təşkil edir?
- Gənclər üçün Təhsil Mərkəzi ölkəmizdəki gənclər təşkilatları arasında öz fəaliyyətini ümumrespublika miqyasında həyata keçirməsi ilə seçilir. Təşkilatımızın altı regionunda ofisləri və bir regionda nümayəndəliyi fəaliyyət göstərir. Gələn ilin ilk aylarında nümayəndəlik regional ofis statusu alacaq və beləliklə, Mərkəzin 7 regionda fəaliyyəti təmin ediləcək. Prezidentin dövlət gənclər siyasətinin təməlində məhz region gənclərinin inkişafı dayanır. Biz də hər bir fəaliyyətimizdə bu prinsipi əsas götürürük. Əslində region gəncləri cəmiyyətin ən vacib kadr potensialı olmaqla yanaşı, cəmiyyətin yararlılıq əmsalı yüksək təbəqəsidir. Buna görə də biz region gənclərinin fəaliyyətinə daha çox diqqət yetirməliyik.
- Mərkəzin qarşıdakı illərdə fəaliyyət planı barədə məlumat verməyinizi istərdik. Əsas hədəflər nədir və hansısa yeni layihələrin reallaşdırılması nəzərdə tutulurmu?
- Gələn il Mərkəzin əsas hədəflərindən biri regional ofislərimizin sayının 10-na çatdırılmasıdır. Bu baxımdan hər il olduğu kimi, gələn il də səylə çalışacağıq. Bu, təşkilatın fəaliyyətinin genişlənməsi ilə yanaşı, daha çox gənci əhatə edə bilməyimiz baxımından çox əhəmiyyətlidir. Bununla bərabər, qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi təlimlərin keyfiyyətini artırmaq məqsədilə “Təlimçilər bazası”nı yaradacağıq. Bunun üçün gələn ilin ilk ayında Azərbaycan Təlimçilərinin Forumunu keçirəcəyik. Peşəkar təlimçilərin bazasının yaranması nəinki gənclər, həmçinin digər qeyri-hökumət təşkilatlarının da reallaşdıracaqları təlimlərin keyfiyyətinin yüksəlməsinə mühüm təsir edəcək. Təşkilatın gələn ilə aid əsas hədəfləri arasında iki beynəlxalq tədbir və hər ay müxtəlif sahələr üzrə maarifçilik proqramlarını həyata keçirmək də var.
- Gənclər üçün Təhsil Mərkəzinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində hansı tədbirlər görülür?
- Hazırda Gənclər üçün Təhsil Mərkəzi Avropanın ən böyük gənclər platformalarından biri olan Avropa Gənclər Klubları Konfederasiyasının üzvüdür. Növbəti ildə Konfederasiyanın idarə heyətinin toplantısını Azərbaycanda keçirmək əsas planlarımızdan biridir. Bununla bərabər təşkilatın rəhbəri olaraq Erasmus+ proqramının Avstriya milli agentliyi nəzdində fəaliyyət göstərən beynəlxalq təhsil şəbəkəsinin idarə heyətində təmsil olunmağım Mərkəzin beynəlxalq fəaliyyətinin şaxələnməsinə şərait yaradır. Artıq üç ildir ki, Gənclər üçün Təhsil Mərkəzi BMT-nin Uşaq Fondu ilə regionlarda uşaq hüquqlarının təşviqinə hesablanan layihə həyata keçirir. Belə ki, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xan Bakıya səfəri zamanı layihənin icrasını nümunəvi qiymətləndirib. Bu istiqamətdə fəaliyyətimiz bir daha deməyə əsas verir ki, Gənclər üçün Təhsil Mərkəzi nəinki ölkə daxilində, həmçinin beynəlxalq miqyasda uğurlu fəaliyyət göstərir.

Sosial 2018-12-28 19:00:00