×
A
A
A
Sazlamalar

Bu məktəbdə qəlbin hökmü ilə yazırlar...

Bakı, 28 dekabr, AZƏRTAC

“CBC” nəşriyyatında Milli Məclisin deputatı, Azərbaycanın görkəmli publisisti, Xalq yazıçısı Elmira Axundovaya birbaşa aidiyyəti olan iki kitab çapdan çıxıb.
“Bizim tanıdığımız Elmira...” adlanan birinci kitabda Elmira Axundovanın yaradıcılığına həsr edilmiş məqalə və esselər toplanıb. Burada son 15 ildə mətbuatda Elmira Axundova haqqında dərc edilmiş ən maraqlı və əhəmiyyətli materiallar cəmlənib. Xalq yazıçısının yaradıcılıq üfüqlərinin geniş və çoxşaxəli olmasını, Azərbaycanda və xaricdə onun qələminin məhsulu olan otuza yaxın kitabın çap edilməsini nəzərə alsaq, Elmira xanımın yaradıcılığına həsr edilmiş rəylərin, resenziyaların, dərin məzmunlu analitik məqalə və esselərin sayının çoxluğu heç də təəccüb doğurmaz.
Elmira Axundova özü bu kitabın yaranmasının səbəblərini toplunun ilk səhifələrində çox sadə və anlaşıqlı dildə izah edir: “Bu tipli “yubiley” kitabçalarına həmişə bir qədər şübhə ilə yanaşmışam. Fikirləşirdim ki, bu, kimin üçün maraqlı ola bilər. Amma sonra, ötən 15 il ərzində mənim haqqımda və yaradıcılığım barədə yazılmış bütün materialları bir yerə toplayıb onları bir daha oxuyanda, səmimi deyirəm, həm təəccübləndim, həm sevindim, həm də ruhlandım. Axı Anar, Vaqif Səmədoğlu kimi sanballı yazıçıları, Natiq Rəsulzadə kimi populyar belletristləri, akademik İsa Həbibbəyli kimi görkəmli alimləri, jurnalistikanın Elmira Əliyeva və Qalina Mikeladze kimi korifeylərini və bir çox başqalarını mənim barəmdə ətraflı, dərin və çox səmimi məqalələr yazmağa heç kəs məcbur etməyib. Deməli, mənim əməyim, mənim kitablarım, publisistika sahəsində səylərim onları bu cür məqalə və oçerklər yazmaq üçün vaxt və qüvvə sərf etməyə sövq edib.
Buna görə də mətbuatda Elmira Axundova haqqında çıxan ən diqqətəlayiq və əlamətdar materialların hamısını küll halında dərc etdirməyi qərara aldım. Hər halda, bu, başqa yazıçı və publisistlər, ədəbiyyat tədqiqatçıları üçün, eləcə də mənim çoxsaylı dostlarım və həmkarlarım üçün bir növ örnək ola bilər. Ailəm də öz yerində.
Bu toplunu mənim müəyyən mənada yaradıcılıq hesabatım hesab edin. Ümid edirəm ki, söhbət yalnız ilkin hesabatdan və ilkin yekunlardan gedir”.
Elmira Axundova “Naşirin qətli”, “Şüşə saray”, “Fərmanla əfv edilib...”, “Bu bizik”, “Dostlarımın gözəl cəhətləri”, “Yaşamaq dövrü”, “Elçinin fövqəlvəzifəsi”, “Həqiqət anları”, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda”, “Anar Məmmədxanov. Kapitanın taleyi” və başqa kitabların müəllifidir. Bütün bu əsərlər, xüsusən Azərbaycan Prezidentinə həsr edilmiş kitab geniş müzakirə olunub, onlar barədə rəylər, resenziyalar, ətraflı məqalələr yazılıb.
Lakin Elmira Axundovanın kitabları arasında “Heydər Əliyev. Şəxsiyyət və zaman” yeddicildlik roman-tədqiqat xüsusi yer tutur. Elmira xanım özü bu əsəri həyatının əsas layihəsi adlandırır. On ildən çox gərgin əmək, kitabın qəhrəmanının uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlərin, məşhur siyasi və dövlət xadimləri ilə müsahibələrin yazıldığı yüzlərlə kaset, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş Azərbaycan xalqının ümummilli liderinin ən dolğun və obyektiv bioqrafiyasını yaratmağa imkan verməklə, romanın unikal sənədli əsasını təşkil edir.
Kitabda zəngin faktoloji, politoloji və tarixi materiallar toplanıb. Çoxlarına məlum olmayan xeyli faktlar, epizodlar, dərin təhlil və şərhlərlə müşayiət olunan eksklüziv informasiya, həmçinin müəllifin ulu öndər Heydər Əliyevlə şəxsi tanışlığı kitaba xüsusi emosionallıq və səmimiyyət verir.
Elmira Axundova bu dahi insana sözün həqiqi mənasında əsrlərboyu yaşayacaq möhtəşəm abidə ucaldıb.
Təbii ki, “Bizim tanıdığımız Elmira...” kitabındakı materialların çoxu məhz bu möhtəşəm yeddicildliyə həsr edilib. Hətta, məqalələrin sərlövhələrini və müəlliflərin adlarını sadalamağa belə imkan yoxdur. “Heydər Əliyev. Şəxsiyyət və zaman” yeddicildliyi barədə rəylərdən yalnız bir neçə sitat gətirək.
Akademik İsa Həbibbəyli: “...Azərbaycan ədəbiyyatında ilk siyasi-bioqrafik roman-tədqiqat yaranıb. Başqa sözlə desək, Elmira Axundova Ulu Öndərin həyat və fəaliyyəti barədə özünün çoxcildliyi ilə Azərbaycan ədəbiyyatında yeni janr yaradıb. Bu, əsl novatorluqdur və olduqca qiymətlidir!”
Roy Medvedev: “Mübaliğəsiz deyə bilərəm ki, bu çoxcildlik liderlər haqqında kitabların ən yaxşısıdır... Çox cəhətdən vacib və əsas olan daha bir amil bu kitabı yazıb təqdim etmiş müəllifin özünün istedadıdır, çünki kitab obyektivdir”.
Tahir Salahov: “Elmira xanım əsl jurnalist hünəri göstərib”.
Nikolay Zenkoviç: “Bu, unikal əsərdir. Yəqin sizin müasirləriniz hələ anlamırlar ki, siz öz üzərinizə necə titanik bir iş götürmüşünüz”.
Rudolf İvanov: “...Millətin vicdanı - Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti barədə çoxdan gözlənilən çoxcildliyin çapdan çıxması epoxal əhəmiyyətli hadisədir”.
Çingiz Abdullayev: “Bu cür möhtəşəm əsər yarada bilmiş müəllifin səbrinə və əməyinə yalnız heyran olmaq mümkündür”.
İkinci kitab “Həmkarlarımla üz-üzə” adlanır və Elmira Axundovanın müxtəlif mətbu və elektron KİV-lərə verdiyi müsahibələrdən ibarətdir. Müəllif həmin müsahibələrdə öz jurnalist həmkarları ilə ən müxtəlif mövzularda - uşaqlıq illəri, ailəsi, valideynləri, ilk məhəbbət, özünün maraqlı, gözlənilməzliklərlə və sərt döngələrlə dolu həyatının müxtəlif anları və epizodları barədə səmimi və açıq söhbət edir. O, bu gün cəmiyyətimizi narahat edən bir sıra problemlər barədə ən kəskin, bəzən gözlənilməz suallara özünə xas olan tərzdə - açıq, eyni zamanda, səmimi və birmənalı şəkildə cavab verir. Oxucular son otuz il ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrə tanınmış yazıçının gözləri ilə baxmaq imkanı qazanır. Kitabı vərəqlədikcə oxucunun gözləri qarşısında qeyri-adi istedadlı, baş verən hadisələrə laqeyd qalmayan, yüksək savadlı, öz işinə və xalqına sonsuz sədaqətli, qəti vətəndaş mövqeyinə malik yüksək professional, təvazökar, prinsipial və məlahətli bir insanın - Elmira Axundovanın obrazı canlanır.
Elmira Axundovanın məqalə və müsahibələrində yer almış çoxsaylı fikirlər arasından bir neçəsini seçmək son dərəcədə çətindir. Lakin bu fikirlər onun xarakterinin başlıca cəhətləri, həyata münasibəti barədə təsəvvür yaratdığına görə biz belə seçim etməyi qərara aldıq.
“Vətənpərvərlik real işlərdə, hərəkətlərdə təzahür edir. Mən döşünə döyərək Vətəni sevmələri barədə hay-küy salan saxta vətənpərvərləri sevmirəm. Vətənə sevgi də Allaha inam kimidir – bu, şəxsi, hətta intim anlayışdır. Mən bir kəlamı çox xoşlayıram: soruşma ki, Vətən səndən ötrü nə edib, özündən soruş ki, sən Vətən üçün nə etmisən”.
“Mən sevgiyə inanıram. Yalnız sevgi bizim bu dünyada yaşamağımız və salamat qalmağımız üçün güc verir”.
“Mən çox dəyişməmişəm, hərçənd, yəqin ki, daha təmkinli və daha müdrik olmuşam. Ümumiyyətlə, insanlara daha çox hövsələ ilə yanaşmağa başlamışam, hər bir insanda, ilk növbədə, onun ləyaqətini görməyə çalışıram”.
“Uğur qazanmaq üçün üç şey lazımdır: birinci – istedad, ikinci - əməksevərlik, üçüncü – risk etməyi bacarmaq. Ona görə ki, bəzən düşdüyümüz vəziyyətdə arzunun arxasınca getmək, risk etmək lazımdır”.
Bu kitaba dostcasına səmimi ön söz yazmış yazıçı Natiq Rəsulzadə ilə razılaşmamaq çətindir: “Arzunun arxasınca getmək! Əgər bu yolda öz ideallarınıza sadiq qalsanız, prinsiplərinizi qurban verməsəniz, öz peşənizə sadiq olsanız bu, ən qısa və düzgün yoldur, Elmira Axundova da bütün həyatı boyu öz arzusunun arxasınca gedərək öz peşəsinə sadiq qalır”.
Müsahibələrinin birində “Siz xoşbəxt insansınızmı?” sualının cavabında Elmira xanım deyib: “Tam səmimi deyirəm, ölkəmizdə baş vermiş hadisələrdən sonra mən mütləq mənada xoşbəxt ola bilmərəm. Sənin xalqının başına gətirilənləri, sənin torpaqlarının işğal altında qalmasını, xalqının övladlarının cəbhələrdə snayper gülləsindən həlak olmasını xatırlayanda bütün bunlar sənin qəlbini yaralayır, bütün bunlardan sonra necə xoşbəxt olmaq mümkündür? Bütün dünyada sabitliyin pozulduğu, qanın su yerinə axdığı indiki vaxtda kiminsə mütləq mənada xoşbəxt ola biləcəyinə inanmıram...”
Daha bir məsələ. Elmira Axundova həmişə olduğu kimi, özünün bu kitablarında da onun yaradıcılığını izləyən, onun kitabları, mətbuatda müxtəlif çıxışları barədə rəylərini bu və ya digər şəkildə bildirən insanlara da diqqət göstərir. O, jurnalist həmkarlarını da unutmayıb, öz yaradıcılığına aid olan materialların az qala hamısını – kiçik qeydlərdən başlamış dərin analitik məqalələrə qədər bütün materialları bu kitablarda yerləşdirib.
Bizə xüsusilə xoş gələn budur ki, kitabda bizim agentliyin materiallarına da yer ayrılıb. AZƏRTAC həmişə Elmira Axundovanın yanında olub, onun layihələrini dəstəkləyib, yaradıcılığına və ictimai fəaliyyətinə xüsusi diqqət göstərib, yazıçının demək olar ki, bütün kitabları barədə yazıb, onun kitablarının Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Budapeştdə, Böyük Britaniya Parlamentində təqdimat mərasimlərini işıqlandırıb...
Məlum olduğu kimi, Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” yeddicildliyi yüksək qiymətləndirilib və Dövlət Mükafatına layiq görülüb. Mükafat təqdim edilərkən müəllif şəxsən möhtərəm Prezidentə və dövlətimizin nümayəndələrinə müraciətlə deyib ki, onun qarşıdakı məqsədi həmin kitabları xarici dillərə tərcümə etdirmək və dünyada yaymaq olacaq.
Elmira Axundova həmişəki kimi sözünün üstündə durur – bu günlərdə qardaş Türkiyədə üçcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatı türk dilində çapdan çıxıb. Bundan əvvəl isə həmin üçcildlik ingilis və macar dillərinə tərcümə edilib.
Elmira Axundova Azərbaycanda Xalq yazıçısı kimi yüksək fəxri ada layiq görülmüş ilk yazıçı-publisistdir. Elmira Axundova bir məktəbdir – yüksək peşəkarlıq, insanlara və hadisələrə xeyirxah və obyektiv münasibət məktəbi, jurnalistlərin gənc nəslinə çox şeyi öyrədə biləcək və öyrədən məktəb. Bu məktəb öz fikirlərini savadlı şəkildə ifadə etməyi, öz sözlərinə görə məsuliyyət duyan peşəkar olmağı, Vətənini və xalqını sevməyi və ona xidmət etməyi, prinsipial olmağı, həyatını həsr etdiyi sevimli işə can qoymağı öyrədir. Bu məktəbdə qəlbin hökmü ilə yazırlar.
Şübhə yoxdur ki, sözün həqiqi mənasında öz titanik əməyi və istedadı ilə Azərbaycanı şöhrətləndirən Elmira Axundova özünün hər yeni kitabı ilə vaxtilə dahi Heydər Əliyevin ona dediyi sözləri doğruldur və bundan sonra da doğruldacaq: “Yaz, Elmira, səndə bu pis alınmır...”.

Yaşar Quluzadə

Siyasət 2018-12-28 18:56:00