×
A
A
A
Sazlamalar

Şamaxıda 36 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib

Bakı, 28 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı tədbirlərinin davamı olaraq, nazirliyin Şamaxı rayonunda inşa etdirdiyi 36 mənzilli yaşayış binasındakı mənzillər həmin kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni mənzillərin təqdim olunması tədbirində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
M.Kərimli Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizdə etibarlı sosial müdafiə sisteminin qurulmasına, həssas qruplara dövlət qayğısının artırılmasına imkan verdiyini bildirərək qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial təminatı daim gücləndirilir. Onlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri və bu təqaüdlərlə bərabər pensiya və ya müavinətlərlə təmin olunur, müharibə əlillərinə minik avtomobilləri verilir. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin ölkəmizin ali təhsil və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan övladlarının təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazir müavini Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərdən də bəhs edib. O, bu il daha geniş miqyasda icra olunan özünüməşğulluq proqramında həssas qrupların fəal iştirakına şərait yaradıldığını deyib. M.Kərimli 2017-ci illə müqayisədə cari ildə 6,5 dəfə çox olmaqla, 7,8 min ailənin həmin proqrama cəlb edildiyini, onlardan 160-nın şəhid ailəsi, eyni zamanda, proqrama cəlb edilən 1000-dən çox əlilliyi olan şəxsin böyük hissəsinin Qarabağ müharibəsi əlilləri olduğunu diqqətə çatdırıb.
Mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri maddi təminatlarının artırılmasına, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində onlara böyük fərəh hissi bəxş edən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sosial 2018-12-28 18:21:00