×
A
A
A
Sazlamalar

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində döyüş sursatlarının yaradılması sahəsində yeni nəticə əldə edilib

Bakı, 28 dekabr, AZƏRTAC

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının poliqon sınaqları keçirilib. MSN-in mütəxəssislərinin, Müdafiə Nazirliyinin döyüş texnikasının və şəxsi heyətinin iştirakı ilə aparılan sınaqlarda 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının ballistik xüsusiyyətlərinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrin istismarında olan müasir T-90C tipli tankdan atışlar keçirilib və müsbət nəticə əldə edilib.
MSN-dən AZƏRTAC-a bildiriblər ki, yüksək dağıdıcı qüvvəyə malik 125 millimetrlik artırılmış qüvvəli qəlpəli-fuqaslı mərmili atəş yığımı Silahlı Qüvvələrin arsenalında olan T-72, T-90C tipli tanklarda quraşdırılan 125 millimetrlik tank topundan atəş aparmaq üçün istifadə olunur. Atəş yığımı düşmənin canlı qüvvəsinə, səhra tipli istehkam qurğularına, artilleriya, minaatan, raket qurğularının atəş mövqelərinə və müxtəlif növ atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.
Atəş yığımının praktiki mərmili variantı ilə keçirilən sınaqların nəticələrinə görə döyüş sursatının yüksək ballistik xüsusiyyətlərə malik olması, etibarlılığı və xidməti davranma zamanı təhlükəsizliyi tam təsdiq edilib.

Sosial 2018-12-28 16:17:00