×
A
A
A
Sazlamalar

Nazirlik yanında İctimai Şuranın gələn il üçün fəaliyyət istiqamətləri müzakirə olunub

Bakı, 28 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğun olaraq, 2018-ci ildə görülmüş işlər haqqında məlumat verib. O, islahatlar prosesində ictimai iştirakçılığın, vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsi üçün müvafiq işlər aparıldığını deyib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirlik yanında İctimai Şuranın fəaliyyəti barədə danışan S.Babayev 14 vətəndaş cəmiyyəti institutunun təmsil olunduğu şura üzvlərinə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya sahələri üzrə xidmətlərdə şəffaflığın və sosial ədalət prinsipinin təmin edilməsinin əsas hədəflərdən olduğunu bildirib. Nazir deyib ki, həmin sahələrdə güclü ictimai nəzarətin qurulmasında, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın gördüyü işlər, onların monitorinqləri, rəy və təklifləri xüsusi əhəmiyyət kəsb edir. O, İctimai Şura ilə qarşılıqlı fəaliyyətin daha səmərəli və sistemli təşkili üçün aparılan işləri diqqətə çatdırıb.
İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev nazirliyin fəaliyyət sahələrində ictimai nəzarətin təşkili, monitorinqlərin aparılması, qanunvericilik layihələri ilə Şura üzvlərinin yaxından tanış olması, ictimai dinləmələrin keçirilməsi və s. kimi sahələrdə nazirlik tərəfindən yaradılan şəraitdən razı qaldıqlarını bildirib. O, Şuranın rəy və təkliflərinə daim diqqətlə yanaşıldığını və onların nəzərə alındığını qeyd edib.
Şura üzvləri əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində geniş miqyasda islahatların aparılması və həssas qruplarla bağlı sosial müdafiə və fəal məşğulluq proqramlarının genişləndirilməsi ilə əlaqədar müsbət fikirlər söyləyiblər.
Görüşdə İctimai Şuranın başa çatmaqda olan il ərzində gördüyü işlər, keçirdiyi monitorinqlər, iclaslar və ictimai dinləmələr barədə məlumat verilib. Şuranın gələn il üçün fəaliyyət planının layihəsi müzakirə olunub.

Sosial 2018-12-28 11:34:00