×
A
A
A
Sazlamalar

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Madriddə də qeyd edilib

Madrid, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Madrid şəhərində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Madriddə və İspaniyanın digər bölgələrində yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidentinin soydaşlarımıza ünvanlandığı müraciəti xatırladıb, milli birlik, azərbaycançılıq ideyasını özündə əks etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. O, bu əlamətdar günün tarixə düşməsinin məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və Azərbaycan xalqı tərəfindən böyük qürurla qeyd edildiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən səfir A.Məhərrəmov xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə geniş məlumat verib.
Dövlətimizin başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın daha da inkişaf etdiyini, beynəlxalq aləmdə söz sahibi olan bir ölkəyə çevrildiyini deyən səfir Anar Məhərrəmov İspaniyada yaşayan soydaşlarımız tərəfindən öz fəaliyyətlərində milli məfkurə, Vətənə bağlılıq ideyasının əsas götürülməsinin vacib olduğunu bildirib.
Tədbirdə iştirak edən soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd edildiyi kimi hər zaman Vətənə bağlı olduqlarını, ölkəmizin maraqlarının müdafiəsi, Azərbaycanla əlaqələrin dərinləşməsi və ümummilli məsələlərin həllində bundan sonra da yaxından iştirak edəcəklərini bildiriblər.
Sonra tədbir milli təamlarımızdan ibarət bayram süfrəsi arxasında davam edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Siyasət 2018-12-28 11:10:00