×
A
A
A
Sazlamalar

Salyan və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib

Bakı, 27 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının tövsiyənin icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, dekabrın 26-da Kollegiyanın təşəbbüsü ilə Salyan rayonundakı mərkəzi kitabxanada Salyan və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Qurumun üzvlərinin bir qrupu 30-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub. Vəkillər vətəndaşlara məsləhətlər verib, onların müraciət etdikləri məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsini təşkil etmək tövsiyə olunub. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər respublikanın digər regionlarında da təşkil ediləcək.

Sosial 2018-12-27 20:11:00