×
A
A
A
Sazlamalar

Səfir: Azərbaycan və Belarus beynəlxalq aləmdə bir-birini fəal dəstəkləyir

Bakı, 27 dekabr, AZƏRTAC

2018-ci il Azərbaycan ilə Belarus arasında münasibətlər baxımından əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bu sözləri mətbuat konfransında söyləyib.
G. Axramoviç deyib: “Bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd olunub. Xatırlatmaq istərdim ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edib, Prezident Aleksandr Lukaşenko ilə görüşüb. Çox dolğun və məzmunlu keçən həmin səfər müddətində iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycandan kənd təsərrüfatı və emal sənayesi məhsulları ixracının, Azərbaycanın idxal etdiyi məhsulların ümumi həcmində Belarus istehsalı olan malların faizinin artırılması məsələlərinə qısa müddətdə baxılması barədə qərar qəbul edilib. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın səviyyəsini bir daha təsdiq ediblər”.
Səfir xatırladıb ki, sözügedən səfər müddətində Azərbaycan ilə Belarus arasında qarşılıqlı əlaqələrin başlıca istiqamətini müəyyən edən 10-a yaxın sənəd imzalanıb.
Diplomat vurğulayıb ki, 2018-ci ildə təqribən 30 ikitərəfli yüksək səviyyəli səfər təşkil edilib.
G. Axramoviç daha sonra deyib: “Azərbaycan ilə Belarusun əməkdaşlığı yüksək səviyyədədir. Hər iki ölkənin rəhbərləri ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verirlər. Dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin təmsilçilərinin qarşılıqlı səfərləri, habelə birgə investisiya layihələrinin uğurla həyata keçirilməsi buna əyani sübutdur. Belə layihələrdən biri də Belarusda Azərbaycan Ticarət Evinin yaradılması oldu. Biz parlamentlərarası əlaqələri genişləndirməkdə davam edirik. Bizim münasibətlərimizin bugünkü səviyyəsi istənilən məsələləri açıq müzakirə etməyə imkan verir”.
Səfir vurğulayıb ki, 2018-ci ildə Azərbaycan və Belarus beynəlxalq aləmdə bir-birini fəal dəstəkləyiblər. O deyib: “Azərbaycanın dostcasına dəstəyi Belarus üçün çox vacibdir. Buna görə biz Azərbaycan tərəfə təşəkkür edirik”.

Siyasət 2018-12-27 17:27:00