×
A
A
A
Sazlamalar

Elektron Hökumətin İnkişafı Mərkəzində jurnalistlər üçün mediatur təşkil edilib

Bakı, 27 dekabr, AZƏRTAC
Gələn il yanvarın 15-dən etibarən beynəlxalq hava limanlarında ASAN Viza terminalları vasitəsilə viza 2 dəqiqdən az müddətdə 15 ölkənin vətəndaşlarına təqdim ediləcək. Ümumilikdə isə 95 ölkənin vətəndaşları elektron formada ASAN Viza almaq üçün müraciət edə bilərlər. İndiyədək 935 mindən çox viza verilib və bu, ötən illə müqayisədə 675 min çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsin direktoru Fariz Cəfərov dekabrın 27-də Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilən mediaturda məlumat verib. O, www.digital.gov.az portalında Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən Elektron Hökumət Portalı, ASAN Viza, ASAN Ödəniş və ASAN Wifi layihələri və həmin layihələrin veb saytlarına keçidlər barədə də danışıb. Yeni fəaliyyətə başlayan ASAN Finans layihəsi barədə məlumat verən direktor qeyd edib ki, onun tətbiqi banklara müraciət edən vətəndaşların işinin xeyli dərəcədə asan və sadə olmasına xidmət edəcək.
Mediaturda bu il noyabrın 18-də fəaliyyətə başlayan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə də məlumat verilib. Qeyd olunub ki, mərkəz ölkəmizdə, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılıb. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.
Mərkəzin rəhbəri Məmməd Kərimin verdiyi məlumata görə, startaplar inkubasiya mərkəzində altı, Akselerasiya Mərkəzində dörd ay təlim keçirlər. Həmin müddətdən sonra daha çox ehtiyac duyulan sahələr üzrə növbəti startaplar qəbul edilir və il ərzində hər proqram üzrə 50-yə yaxın məzun hazırlanır. Burada müxtəlif sahələr üzrə innovativ ideya və layihələri olan və bu sahədə yenilik etmək istəyən hər kəs üçün bərabər imkanlar yaradılır. Məqsəd ondan ibarətdir ki, müəyyən vaxtdan sonra onların heç omasa, müəyyən hissəsi regional və dünya səviyyəsində öz işini davam etdirə bilsin. İlkin mərhələdə kənd təsərrüfatı sahəsində olan startapların qəbuluna üstünlük veriləcək, sonrakı mərhələdə maliyyə sahəsində yeni ideyası olan startaplar qəbul ediləcək. Mərkəzin rəhbəri innovasiya yükünün çox olduğu layihələrə daha çox üstünlük verildiyini bildirib. Layihələrin müəllifləri isə əsasən 20-35 yaş arasında olan gənclərdir.
Kütləvi informasiya vasitələrinin nümayəndələri mərkəzdə fəaliyyət göstərən İT Təlim-Tədris Mərkəzi ilə də tanış olublar. Burada gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklər, kodlaşdırma bacarıqları öyrədilir. Burada süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir. İnkubasiya dövründə startaplara ideyalarının formalaşdırılmasına kömək göstərilir. Həmin müddətdə əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlər üzrə ildə dörd dəfə ideya müsabiqəsi elan olunur. Müsabiqəyə əvvəlcədən müəyyənləşdirilmiş sayda ideya qəbul edilir. İnkubasiya dövründə uğurla formalaşmış ideyaların ilkin versiyaları test edilməsi, prototiplərin hazırlanması üçün akselerasiya mərhələsinə keçirilir. Bu mərhələdə komandaya mütəmadi şəkildə mentor dəstəyi göstərilir.
Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Sosial 2018-12-27 13:28:00