×
A
A
A
Sazlamalar

Qətərdə Azərbaycan diaspor təşkilatı təsis edilib

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Qətərdə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra səfir Rəşad İsmayılov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına müraciətini və təbrikini iştirakçıların diqqətinə çatdırıb.
Diplomat Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixi və ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində görülən işlərdən, bu sahədə mövcud dövlət qayğısından bəhs edib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr tarixinin 1991-ci ildən Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edildiyini bildirən səfir, həmin günün bütün azərbaycanlılar tərəfindən birlik və həmrəylik bayramı kimi hər il böyük təntənə, sevinc və qürurla keçirildiyini vurğulayıb.
Həmçinin tədbirdə Qətərdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların dövlətimizin ümumi maraqları ətrafında sıx birləşməsi təşəbbüsü gündəmə gətirilib. Qətərdə Azərbaycan diaspor təşkilatının təsis edilməsi qərara alınıb. Azərbaycanın maraqlarının qorunması, təbliği, ölkəmiz barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması və Azərbaycan-Qətər dostluq əlaqələrinin inkişafı təşkilatın əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.
Tədbir milli musiqi nümunələrimizin səsləndirilməsi və ziyafətlə davam etdirilib.

Siyasət 2018-12-27 13:21:00