×
A
A
A
Sazlamalar

Kiçik və orta sahibkarlıq sahəsində korporativ idarəetmə ilə bağlı təlim keçirilib

Bakı, 26 dekabr, AZƏRTAC
Korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqi ilə bağlı "Korporativ idarəetmənin anlayışı və onun şirkətin səmərəli fəaliyyətində rolu" və "Müəssisələrdə satış, marketinq, satışdan sonra qulluq və müştəri sorğularına operativ cavab departamentlərinin işinin müasir tələblərə uyğun təşkili" mövzularında təlim keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kiçik və orta sahibkarlıq subyektlərinin, sənaye məhəllələri və parklarında fəaliyyət göstərən rezidentlərin nümayəndələrinin iştirak etdiyi təlimdə nazirliyin korporativ idarəetmə sektorunun əməkdaşı Nicat Eyvazzadə və ekspert Seyfəddin Həsənov tərəfindən korporativ idarəetmə, sənaye müəssisələrində satış, marketinq, satışdan sonra qulluq və müştəri sorğularına operativ cavab departamentlərinin işinin beynəlxalq təcrübəyə uyğun təşkili və s. barədə ətraflı məlumat verib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin və "Azərbaycan Respublikasının ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nin icrasını təmin etmək məqsədilə tədbirlərini davam etdirir.

Biznes 2018-12-26 18:21:00