×
A
A
A
Sazlamalar

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidməti var

Bakı, 26 dekabr, AZƏRTAC 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidməti var. Bu tarixi gün bizə müstəqilliyimizdən ərməğandır. Bu bayramın mahiyyətində birliyə və həmrəyliyə çağırış var.
AZƏRTAC xəbər verir ki, bu sözlər dekabrın 26-da Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən “Dünya azərbaycanlıları və müstəqil Azərbaycan” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Xalqımızı birləşdirən dəyər: milli birlik və həmrəylik” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birlik, həmrəylik duyğularının ifadəsidir. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən biridir.
Diqqətə çatdırılıb ki, son illər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi prosesində yeni mərhələ başlayıb.
Digər çıxışlarda da bu günün yaranma tarixindən və onun əhəmiyyətindən, bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb. Xüsusi vurğulanıb ki, Azərbaycan dövlətinin artan uğurları ölkəmizdə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradıb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində ordu quruculuğu sahəsində qazanılan uğurlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam və inkişaf etdirilir.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin nəzdində mahnı və rəqs ansamblının çıxışı ilə başa çatıb.

Sosial 2018-12-26 12:14:00