×
A
A
A
Sazlamalar

Sahibə Qafarova: Son 15 ildə Azərbaycan bir çox dövlətlərin onilliklər boyu qət edə bilmədiyi böyük inkişaf yolu keçib

Bakı, 24 dekabr, AZƏRTAC
Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişafı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilərək ardıcıllıqla və böyük müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində son 15 ildə müstəqil Azərbaycan Respublikası bir çox dövlətlərin onilliklərlə qət edə bilmədiyi böyük inkişaf yolu keçib. Dövlətimizin başçısı İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlarımıza söykənən daxili və xarici siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənib, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqları təmin edilib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanın regional və beynəlxalq nüfuzu artıb, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənib, Azərbaycan Respublikası dünyada nüfuzlu, etibarlı, sözünə güvənilən tərəfdaş ölkə kimi özünü təsdiq edib. Əsası Ulu Öndər tərəfindən qoyulan balanslaşdırılmış xarici siyasət kursunun ardıcıllıqla həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin güclü, nüfuzlu aktoruna çevrilib. "Bunun əyani təsdiqi kimi, 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusilə qeyd edə bilərik. Həmçinin Azərbaycan Qərbə inteqrasiya siyasətini uğurla həyata keçirərək Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Ölkəmiz dünyanın böyük dövlətləri, o cümlədən ABŞ, Rusiya, Çinlə strateji əlaqələr yaradıb, bu dövlətlərlə əməkdaşlıq milli maraqlarımıza uzlaşdırılıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni regional əməkdaşlıq formatları yaradılıb, üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının reallaşdırılması regional əməkdaşlığın dərinləşməsinə misilsiz töhfələr verib", - deyən Sahibə Qafarova vurğulayıb.
O qeyd edib ki, xarici siyasət sahəsində qazanılmış nailiyyətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də zəmin yaradır. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyini ifadə edərək deyib ki, ölkəmiz heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcək. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın uğurlu hücum diplomatiyası, həmçinin artan iqtisadi qüdrəti, hərbi gücü münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə möhkəm əsaslar yaradır.
Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan nəhəng enerji və nəqliyyat-kommunikasiya layihələrinin Azərbaycanın Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilməsini şərtləndirdiyini söyləyən Milli Məclisin deputatı deyib ki, Azərbaycan beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, regionda və Avropada təhlükəsizliyin təmin olunmasına misilsiz töhfələr verir.
Ötən 15 ildə Azərbaycanın iqtisadi sahədə də böyük nailiyyətlər qazandığını bildirən S.Qafarova deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ildə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun mənafe və maraqları dayanıb, reallaşdırılan bütün layihələr, həyata keçirilən tədbirlər məhz bu ümdə məqsədə xidmət edib".
Sahibə Qafarova sosial sahədə də çoxşaxəli tədbirlərin həyata keçirildiyini və mühüm uğurlar əldə olunduğunu xatırladaraq bildirib ki, ötən 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilib, ölkənin bütün ali təhsil ocaqları, institut və digər təhsil müəssisələri təmir edilərək yeni avadanlıqla təchiz olunub. İnfrastrukturun yenilənməsi istiqamətində əsaslı nailiyyətlər əldə olunub, regionların təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatında inqilabi yüksəliş baş verib. Azərbaycan artıq dünyanın kosmik klubunun üzvüdür və ölkəmizin 3 peyki iqtisadiyyatımızın inkişafına, qeyri-neft sektorunun dirçəlməsinə xidmət edir, eyni zamanda, milli təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynayır. Milli Məclisin deputatının sözlərinə görə, uğurla reallaşdırılan sosial müdafiə tədbirləri nəticəsində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. Şəhid ailələri, müharibə veteranları və əlilləri, sosial qayğıya ehtiyacı olan bütün əhali kateqoriyaları dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
"Tam qətiyyətlə söyləyə bilərik ki, bu gün hər bir azərbaycanlı öz Prezidentinə inanır, etimad göstərir və ölkəmizin saymaqla bitməyən uğurlarının memarı kimi hər zaman Prezidentimizi dəstəkləyir. Bu etimad, Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha böyük qələbələrə imza atacağına, zirvələr fəth edəcəyinə sonsuz əminlik yaradır", - deyə Milli Məclisin deputatı S.Qafarova vurğulayıb.

Daxili siyasət 2018-12-24 15:54:00