×
A
A
A
Sazlamalar

“İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı sənədli filmin və kitabın təqdimat mərasimi keçirilib YENİLƏNİB 4 VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Heydər Əliyev Mərkəzində “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı sənədli filmin və kitabın təqdimat mərasimi keçirilib.
Filmin ssenari müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovdur. Kitabın buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, tərtibçi müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanovdur. Kitaba “Ön söz”ü tarix elmləri doktoru, professor Əli Həsənov yazıb.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ölkəmizin müasir dövrdəki nailiyyətlərinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, təqdimatı keçirilən filmi və kitabı Prezident İlham Əliyevin rəhbərliyi ilə son on beş ildə Azərbaycanda əldə edilən uğurların salnaməsi adlandırmaq olar. Filmin və kitabın yüksək səviyyədə hazırlandığını deyən Əli Əhmədov müəlliflərə yeni yaradıcılıq uğurları arzulayıb.
Təqdimat mərasiminin çox gözəl bir günə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə təsadüf etdiyini xatırladan Əli Əhmədov fürsətdən istifadə edərək özünün və tədbir iştirakçılarının adından dövlətimizin başçısını təbrik edib, ona Azərbaycan və xalqımız naminə bundan sonrakı fəaliyyətində daha böyük uğurlar və qələbələr arzulayıb. O deyib: “Bu uğurlar, bu nailiyyətlər, sözün həqiqi mənasında, o qədər böyük və əzəmətlidir ki, Azərbaycan və İlham Əliyev sözləri indi bir-biri ilə eyniyyət təşkil edir. Əlbəttə ki, bu gün Azərbaycanı İlham Əliyevsiz, onun həyata keçirdiyi siyasətdən ayrılıqda təsəvvür etmək çox çətindir. Azərbaycanın möhtəşəm nailiyyətlərini, əslində isə Azərbaycanın möcüzəsini, Azərbaycanın bütövlükdə inkişafını bugünkü dünyanın ən böyük siyasi layihələrindən biri hesab etmək mümkündür. XX əsrin 90-cı illərinin əvvəllərində total, hərtərəfli böhranın məngənəsində sıxılan Azərbaycan çox qısa bir vaxtdan sonra - XXI əsrin əvvəllərində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildi. Bunu möcüzədən başqa bir sözlə ifadə etmək qeyri-mümkündür. Nümayiş olunan filmdə və təqdim edilən kitabda Azərbaycan möcüzəsinin bütün tərəfləri, istiqamətləri və məqamları öz əksini tapıb. Azərbaycan möcüzəsi – bu ifadə bütövlükdə ölkəmizin inkişafını, yüksəlişini hərtərəfli əhatə edən bir anlayışdır”.
Ötən on beş il ərzində Azərbaycanın iqtisadiyyatının üç dəfədən çox artdığını, inkişaf tempinə görə dünyada birinci yer tutduğunu və bir neçə il ardıcıllıqla bu statusu saxladığını, 2 milyona yaxın yeni iş yerinin açıldığını xatırladan Əli Əhmədov bütün bunların sayəsində ölkəmizin yeniləşdiyini, modernləşdiyini qeyd edib, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri vurğulayıb, bütün bu uğurların xalqımızın qürur mənbəyinə çevrildiyini bildirib.
On beş il ərzində həyatın bütün sahələrində böyük irəliləyişlər baş verdiyini, möhtəşəm uğurlar qazanıldığını diqqətə çatdıran Əli Əhmədov qeyd edib ki, ölkəmiz coğrafi baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi qlobal layihələr sayəsində dünyanın humanitar, siyasi, enerji, nəqliyyat, kommunikasiya, idman mərkəzlərindən birinə çevrilib.
“Bu gün, Azərbaycan, sözün həqiqi mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Azərbaycanın inkişafı, Azərbaycanın möcüzələri, Azərbaycanın tərəqqisi insanlarımızın məmnunluğunu artırıb. Bu gün Azərbaycan vətəndaşı öz həyatından məmnundur. Bu gün Azərbaycan insanların arzularının həyata keçirildiyi bir məmləkətə çevrilib. Həmçinin bu istək və arzuların reallaşması üçün Azərbaycan dövləti və hökuməti lazım olan bütün şəraiti və imkanları təmin edir. Azərbaycanın qızıl əsrinin başlıca müəllifi Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevdir. On beş ilin nailiyyətləri Azərbaycan vətəndaşlarında belə bir inamı qəti surətdə formalaşdırıb ki, Azərbaycan bundan sonra da taleyini Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən İlham Əliyevlə bağlamalıdır. Çünki bu siyasət və onu həyata keçirən İlham Əliyev Azərbaycana həmişə uğur gətirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda on beş il ərzində əldə olunan nailiyyətlərin fundamental əsaslarından biri Heydər Əliyev siyasəti, habelə dövlətimizin başçısının şəxsi keyfiyyətləri ilə bilavasitə əlaqədardırsa, digər bir səbəbi də İlham Əliyevin bu uğurları, bu inkişafı ürəkdən istəməsi, yəni, niyyətinin bu uğurlarla eyniyyət təşkil etməsi ilə bağlıdır. Nə qədər İlham Əliyev Azərbaycana rəhbərlik edirsə, ölkəmiz bir o qədər inkişaf edəcək, növbəti illərdə daha böyük uğurlar qazanacaq. Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər gözləyir”, - deyə Əli Əhmədov vurğulayıb.
“İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” kitabının tərtibçi və eyniadlı filminin ssenari müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında qeyd edib ki, 15 illik uğurların əsasında Prezident İlham Əliyevin Ümummilli Liderin kursuna sədaqətli obrazı dayanır. Ümummilli Liderin kursuna sədaqətlə xidmət etmək, onu qətiyyətlə həyata keçirmək bu uğurların başlıca təməlidir. Prezident İlham Əliyev okeanlara çıxışı olmayan Azərbaycanı dünyanın nəqliyyat, logistika mərkəzinə çevirib. Dövlətimizin başçısı dünya liderləri sırasında qlobal düşüncəsi, beynəlxalq aləmdə baş verən hadisələrə sistemli yanaşması, qətiyyəti, prinsipiallığı, insanpərvərliyi, humanistliyi ilə seçilir. Bütün bu keyfiyyətlər Azərbaycanın hər bir sahədə yüksək inkişafını təmin edir.
Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri ilə bağlı bəzi məqamların təqdim olunan kitabda və filmdə əks etdirildiyini bildirən Əli Həsənov deyib ki, dövlətimizin başçısı həddən artıq sədaqətli insandır. O, öz əqidəsinə, inandığı işə, ona etibar olunmuş əmanətə, xalqına, dövlətinə, partiyasına, qəbul etdiyi ideyalara, Ümummilli Liderin irsinə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə həmişə sədaqətli olub. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər Ümummilli Liderin ideyaları və Azərbaycan xalqının əsas maraq və mənafeləri üzərində qurulub. Həm filmdə, həm də kitabda bu xətt qabarıq şəkildə əks etdirilib. İlham Əliyev 15 illik prezidentlik dövründə qlobal və sistemli strateji düşüncə tərzinə malik olduğunu nümayiş etdirə bilib. Həm ölkə daxilində gördüyü işlər, həm də yürütdüyü xarici siyasət, onun təşəbbüsü ilə gerçəkləşən əməkdaşlıq platformaları, həyata vəsiqə alan beynəlxalq və regional əhəmiyyətli layihələr on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilmiş sabitlik Azərbaycanı təhlükəsiz, geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə, enerji və nəqliyyat xabına çevirib. Bütün bunlar uzun illər Azərbaycanın rifahını, dövlətimizin davamlı inkişafını təmin edəcək.
Prezident İlham Əliyevin praqmatik və realist siyasi xadim olduğunu vurğulayan Əli Həsənov deyib ki, dövlətimizin başçısı həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə proqramlaşdırıb həyata keçirir. Onun ölkəyə rəhbərlik etdiyi illərdə minimum aylıq əməkhaqqının məbləği 14,4 dəfə, orta aylıq əməkhaqqının məbləği 6,8 dəfə, əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artıb. Ötən 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb.
“Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını beynəlxalq müstəvidə necə qətiyyətlə müdafiə etdiyi sizə təqdim olunan kitabda və nümayiş etdirilən filmin kadrlarında öz əksini tapıb”, - deyən Ə.Həsənov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə icra olunan strateji kurs ölkəmizin beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib. Onun liderlik keyfiyyətləri, dərin zəkası, böyük erudisiyası, qlobal düşüncəsi, intellekti, çevik qərarlar qəbul etmək bacarığı müasir dünya nizamında Azərbaycanın yerini, nüfuzunu, çəkisini müəyyən edir. İlham Əliyevin təşəbbüsləri, reallaşdırdığı proqram və layihələr ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün ciddi zəmin yaradıb. Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir. İlham Əliyevin siyasi iradəsi Azərbaycanı regionda sabitlik, tərəqqi adasına, regional cazibə mərkəzinə çevirib, bu gün Azərbaycan həm də regionda sülhün, asayişin qarantıdır.
Prezident İlham Əliyevin islahatçı, novator lider olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, beynəlxalq qurumlar ölkədə həyata keçirilən islahatları yüksək qiymətləndirirlər. Azərbaycanın təqdim etdiyi “ASAN xidmət” brendi BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülüb. “Doing Business” hesabatına görə Azərbaycan dünyada “ən islahatçı ölkə” hesab olunur. Bu gün Azərbaycan sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir. 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi ənənəvi hal alıb, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasiləri tərəfindən dönə-dönə etiraf olunub. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi dövründə qaldırdığı məsələlər, dövlətimizin təşəbbüsü ilə beynəlxalq qurumlarda qəbul olunmuş qətnamələr, başladılmış “Bakı prosesi”, Bakını “humanitar Davos” kimi tanıdan çoxsaylı beynəlxalq təşəbbüslər dövlətimizi beynəlxalq əməkdaşlığın, sülhün əsas müdafiəçilərindən birinə çevirib. 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edərkən də Azərbaycan bu siyasətini davam etdirəcək.
Prezidentin köməkçisi çıxışının sonunda deyib: “Film və kitabın hazırlanması böyük zəhmət hesabına başa gəlib, İlham Əliyevin 15 illik prezidentliyi dövründə keçirdiyi təxminən 10 minə qədər tədbir, açılış, görüş və çıxışlar təhlil edilib, ensiklopedik formada hazırlanıb. Fürsətdən istifadə edib həm filmin, həm də kitabın ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə, xüsusən də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanova və onların rəhbərlik etdiyi kollektivlərə öz dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” kitabı bu tarixi və olduqca zəngin bir dövrə işıq salır. Nəşrin əsas məziyyətlərindən biri minimum sözlə maksimum məna ifadə etməsi, sanballı fikir yükü daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar üçün mövzu ola biləcək çoxşaxəli fəaliyyəti nəşrdə yığcam, eyni zamanda, dolğun əksini tapıb. Dərin ümumiləşdirmə və təhlil, elmi-praktik yanaşma nəticəsində Prezident İlham Əliyevin 15 illik titanik dövlətçilik fəaliyyətinin diqqətçəkən salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün dolğun mənzərəsi yaradılıb.

Daxili siyasət 2018-12-24 13:30:00

Video