×
A
A
A
Sazlamalar

Bakıda Beynəlxalq Marketinq Sammiti keçirilib YENİLƏNİB

Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Bakıda Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş "Əsrə Bərabər Gün" adlı "Marketinq Sammiti 2018" keçirilib.
"Marketinq Sammiti" layihəsinin təşkilatçısı Azərbaycanda marketinq, marketinq kommunikasiyaları, bazar araşdırmaları kimi xidmətlər təqdim edən COMUNICAL şirkətidir.
AZƏRTAC xəbər verir ki, şirkətin təşkilat komitəsinin sədri Əyyub Qarabağlı ölkəmizdə təşkil olunan marketinq, biznes tədbirləri sırasında öz dəstxəti ilə seçilən və xüsusi auditoriyası olan "Marketinq Sammiti" layihəsinin xüsusi maraq doğurduğunu deyib. Bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası və dövlətin Strateji Yol Xəritəsində vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olmasının qarşılıqlı müzakirə edilməsidir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib ki, bugünkü tədbirdə aparılan müzakirələr, fikir mübadiləsi zamanı yeni ideyalar yaranacaq və bu da növbəti illərdə marketinq sahəsində yeni trendlərin yaranmasına dəstək olacaq. Azərbaycanda Marketinq Sammitinin ikinci dəfə keçirilməsi təqdirəlayiqdir.
COMUNICAL şirkətinin rəhbəri Tural Abbaslı sammitin biznesin inkişafına istiqamətlənmiş qlobal tədbir olacağını vurğulayıb və qeyd edib ki, builki sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirir. Sammit qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalanma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına töhfə verəcək.
Tədbir zamanı Azərbaycan, Gürcüstan və Türkiyədən olan spikerlər destinasiya marketinqi, elektron ticarət, logistika, dijital marketinq və brendinq kimi vacib mövzularla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Xəzəryanı və MDB ölkələri, Avropa və Azərbaycan, türkdilli ölkələrin marketinq sammitinin keçirilməsi cari ilin mart ayında təşkilat komitəsinin iclası əsasında təsdiq edilib və sammitin strateji fəaliyyət istiqaməti kimi qəbul olunub.

CÜMHURİYYƏT - 100 2018-12-22 11:08:00