×
A
A
A
Sazlamalar

Milli Məclisin deputatı: Azərbaycan vətəndaşlarının rifahı daim Prezidentimizin diqqət mərkəzindədir

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncamı hər şeydən əvvəl dövlət başçısının vətəndaşların rifahını və layiqli həyatının təmin olunmasını daim diqqət mərkəzində saxlamasının bariz göstəricisi kimi qiymətləndirilməlidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar ən müxtəlif formalarda hər zaman dövlətin diqqətini hiss edirlər. Bu sosial kateqoriyaya aid olan vətəndaşlarımız mənzil-məişət problemlərinin həllindən tutmuş müalicələrinə qədər, müvafiq daimi müavinətlərdən tutmuş birdəfəlik yardımlara qədər həmişə dövlət tərəfindən dəstək alırlar. Son Sərəncama əsasən ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Yardımın ümumi miqdarı beş milyon manat təşkil edir ki, bu da az məbləğ deyil. Əlbəttə, dövlətin aztəminatlı ailələrə qayğısı təkcə bununla bitmir. Müxtəlif proqramlar və layihələr çərçivəsində onların məşğulluğunun təmin edilməsi, güzəştli kreditlərin ayrılması ilə xırda sahibkarlara çevrilmələri, əmək bazarında fəal əmək resursu kimi qiymətləndirilmələri üçün böyük işlər həyata keçirilir. Bu proqramlar çərçivəsində təkcə 2018-ci ildə 7 min belə ailə özünüməşğulluq proqramına cəlb edilib. Təkcə son iki il ərzində “Ailə Biznesinə Asan Dəstək” - “ABAD”, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) publik hüquqi şəxs kimi yeni qurumlar yaradılıb. Həyata keçirilən geniş layihələr çərçivəsində aztəminatlı ailələrin problemlərinin həllinə dəstək verilir. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahının dayandığını göstərir.

Daxili siyasət 2018-12-20 14:56:00