×
A
A
A
Sazlamalar

Azərbaycan yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliklərinə fındıq ixrac edəcək

Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fındıq ixrac edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyaları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə və Şarcə şəhərinə, həmçinin Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərinə təşkil edilib.
"Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının Körfəz ölkələrində tanıdılması məqsədilə təşkil olunan ixrac missiyalarına boya, mebel, plastik borular və fitinq istehsalı, turizm, tekstil, nar şirəsi, fındıq, konserv məhsulları, çay, mineral suların istehsalı və s. sahələrdə fəaliyyət göstərən 29 Azərbaycan şirkəti daxil idi. Birləşmiş Ərəb Əmirliyinə təşkil olunmuş ixrac missiyası çərçivəsində Şarcə şəhər Ticarət və Sənaye Palatasının nümayəndələri ilə keçirilən görüşdə ixrac imkanlarının genişləndirilməsi, iki ölkə sahibkarları arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb. Bundan başqa, Azərbaycan sahibkarları Şarcə Hava Limanında beynəlxalq azad iqtisadi zonasının, "Sharjah Coop" və "Abu-dabi Coop" supermarketlərinin fəaliyyəti ilə tanış olublar.
Missiyalar çərçivəsində xarici şirkət nümayəndələri ilə keçirilən görüşlərdə Azərbaycan məhsulları barədə məlumat verilib, ixracın artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Görüşlər zamanı təqdim olunan yerli məhsullar xarici şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycanın "Khan-El" şirkəti ilə BƏƏ-nin "Haghanyat General Trading" şirkəti arasında fındıq məhsulunun ixracına dair müqavilə bağlanıb. Müqaviləyə əsasən yaxın vaxtlarda şirkət tərəfindən BƏƏ-yə fındıq ixracına başlanılacaq.
Missiya iştirakçıları Dubay şəhərində "Azərbaycan Ticarət evi"nin yaradılması işlərinin gedişi ilə tanış olublar.

 

Biznes 2018-12-19 11:55:00