Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir

Bakı, 18 dekabr, Xəyalə Məmmədova, AZƏRTAC

Dekabrın 18-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində təşkil edilməsi ilə əlaqədar növbəti hazırlıq iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn və qarşıda duran məsələlər müzakirə edilib.
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənov Azərbaycanda keçirilən bütün tədbirlərin həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verdiyini, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın da yüksək səviyyədə keçiriləcəyini qeyd edib.
Əli Həsənov ölkəmizin narkotiklərlə mübarizə sahəsində prinsipial mövqe nümayiş etdirdiyini vurğulayıb.
Sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini İsmayıl Hüseynov konfransla əlaqədar komitə tərəfindən ciddi hazırlıq işlərinə başlanıldığını qeyd edib.
ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın Orta Asiya üzrə regional direktoru Vilyam Varen konfransın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Sonda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Daxili siyasət 2018-12-18 13:11:00