×
A
A
A
Sazlamalar

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Əvvəlcə cari məsələlər müzakirə olunub. Sonra gündəlikdəki sənədlərə baxılıb.
Əvvəlcə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə” qanun layihəsini təqdim edib. O deyib ki, Birgə Bəyanatda hər iki dövlət başçısı Azərbaycan və Rusiya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsində iqtisadi əlaqələrin rolunu və əhəmiyyətini qeyd edərək, ticari-iqtisadi əlaqələrin müasir inkişaf tələblərinə cavab verən keyfiyyətcə yeni səviyyəyə çıxarılması niyyətlərini bildirirlər. Prezidentlər ticari-iqtisadi və investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün ticarətdə daha əlverişli şəraitin yaradılması, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Rusiya hissələrində tranzit-nəqliyyat potensialının artırılması, milli iqtisadiyyatın və ixracın perspektiv sahələrində şaxələndirilməsi və innovativ inkişaf sahəsindəki məsələlərin həlli üçün birgə istehsalın yaradılması, dövlət idarəçiliyi sahəsində innovativ yanaşmaların, o cümlədən büdcə-vergi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, dövlət sektorunda istifadə üçün qabaqcıl proqram təminatının tətbiqi üzrə təcrübə mübadiləsi və əməkdaşlıq, gənclər siyasəti, təhsil, idman və turizm daxil olmaqla humanitar sahədə əməkdaşlığın genişləndirilməsi kimi istiqamətlərə əsaslı diqqət yetirmək zərurətindən çıxış edirlər.
Sənəd səsə qoyularaq qəbul edilib.
Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
Saziş haqqında məlumat verilib və sənəd səsə qoyularaq təsdiqlənib.
İclasda “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənəd üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim edərkən bildirib ki, təklif edilən dəyişikliyin məqsədi məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyin elektron qaydada qeydiyyata alınmasının hüquqi mexanizminin müəyyən edilməsindən ibarətdir. Sənəd səsə qoyularaq təsdiq olunub.
Sonra Əli Hüseynli Mənzil və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında sənədləri üçüncü oxunuşda şərh edib. Daha sonra komitə sədri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Deputatlar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə sənədin 12-ci və 14-cü maddəsinə təklif olunan dəyişikliyə də razılıq veriblər. Sənəd üçüncü oxunuşda qəbul edilib.
Əli Hüseynli Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı deyib ki, 2016-cı ilin sentyabrında ölkəmizdə keçirilmiş referenduma əsasən Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl prezident seçildiyi tarixdə bitir. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərurəti yaranıb. Milli Məclisin deputatları Seçki Məcəlləsində dəyişikliyə dair qanun layihəsini üçüncü oxunuşda məqbul sayıblar.
İclasda İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihələri də üçüncü oxunuşda müzakirə edilib. Milli Məclisin deputatları həmin dəyişiklikləri razılıqla qarşılayıblar.
Sonra komitə sədri Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim edib. Bu sənəd də səsə qoyularaq qəbul edilib.
İclasda, həmçinin Əli Hüseynli “Azərbaycan Respublikasının dövlət gerbi haqqında və “Azərbaycan Respublikasının dövlət himni haqqında” qanun layihələri barədə məlumat verib. Qeyd edib ki, hər iki sənəd “Azərbaycan Respublikası dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının tətbiqi məqsədilə hazırlanıb.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Əli Hüseynli deyib ki, sənəd Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə uyğunlaşdırma və Milli Məclis haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
İclasın sonunda elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Ümumi təhsil haqqında" qanun layihəsini birinci oxunuşda şərh edib. Bildirib ki, sənəd 5 fəsil, 33 maddədən ibarətdir. Bu sənəd Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Daxili siyasət 2018-12-18 14:14:00