×
A
A
A
Sazlamalar

2018-ci ildə hərraclarda satılan ən qeyri-adi əşyalar

Bakı, 17 dekabr, AZƏRTAC

2018-ci ildə hərraclara çıxarılan və inanılmaz qiymətlərə satılan 13 ən qeyri-adi əşyaların adları açıqlanıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, onları əldə edən şəxslərin bir çoxunun adı gizli qalıb. Həmin qəribə əşyaları sizə təqdim edirik.

Nəhəng mirvari


“Yatmış şir” adlanan şirin su mirvarisi Niderlandda keçirilən Venduhius hərracında 320 min avroya satılıb. Uzunluğu 2,8 inçə (1 inç=2,5 sm) və çəkisi 4 unsiya (1 insiya=31,1 qram) olan bu mirvari Avropaya Çindən gətirilib və 1700 il əvvəl cilalanıb. “Yatmış şir” uzun əsrlər tacirlər tərəfindən müxtəlif hökmdarlara satılıb. Sonda isə Avropanın kral saraylarının bəzəyi olub.

Ay süxurunun hissəciyi

Sovet “Luna-16” missiyasının Ayın səthindən 1970-ci ildə gətirdiyi süxurunu hissəciyi Nyu-Yorkdakı “Sotbi” hərracında 855 min dollara satılıb. Bu əşyanı sovet kosmonavtikasının banisi Sergey Korolyovun həyat yoldaşı Nina Korolyova təqdim edib. Qaya süxurunun hissəciyi görkəmli konstruktora Sovet İttifaqında kosmosun tədqiqi sahəsindəki xidmətlərinə görə hədiyyə edilib.

Stiven Hokinqin əlil arabası

Dahi alim Stiven Hokinqin adını daşıyan fond tərəfindən təqdim olunan əlil arabası Kristi onlayn hərracında 393 min dollara satılıb. Bu arabadan 1960-cı ildən 1990-cı ilin əvvəlinədək istifadə olunub. Hərracın rəhbəri Tomas Venniqin sözlərinə görə, 1977-ci ildə Hokinqin vəliəhd şahzadə Çarlzla görüşü zamanı yerdəki oyuncaqların üzərindən keçdiyi bu hərəkət vasitəsi dünyada ən çox sürülmüş əlil arabasıdır.

Tamamilə brilyantdan olan üzük

2018-ci ildə hərraca çıxarılan ən qəribə əşyalardan biri də tamamilə brilyantdan düzəldilmiş üzük olub. “Apple” şirkətinin dizayn şefi Coni İv və dizayner Mark Nyuson tərəfindən hazırlanan bu zərgərlik məmulatı “Sotbi” hərracında 256 min dollara satılıb. Üzüyün ABŞ-ın Mayami şəhərindən gətirildiyi və əldə olunan vəsaitin QİÇS xəstələri üçün xeyriyyə məqsədinə xərcləndiyi bildirilir.

Üç min il yaşı olan Assuriya heykəli


Kristi hərracında rekord qiymətə - 31 milyon dollara satılan üç min il yaşı olan Assuriya heykəli ilk təklifdə 10 milyon dollar məbləğində qiymətləndirilib. İraq ərazisindən gətirilən və Assuriya çarı II Aşurnasirpalın dövrünə aid olan bu nadir sənət əsərini geri qaytarmaq üçün İraqın mədəniyyət naziri beynəlxalq təşkilatlar qarşısında məsələ də qaldırıb. Lakin “Sotbi” hərracından bildiriblər ki, bundan əvvəl də şəxsi kolleksiyaya məxsus olan bu heykəllə bağlı Bağdadın iddiaları qanuna ziddir.

5,655 karatlıq zümrüd


Oktyabrda Zambiyadan gətirilən 5,655 karatlıq zümrüd kristalı noyabrda Sinqapurda keçirilən hərracda 28,4 milyon dollara satılıb. Afrika mədənlərində tapılan bu kristalın çəkisi 11 kiloqramdır. Bundan əvvəl də Zambiyada “Fil” adlanan 6,225 karatlıq zümrüd kristalı aşkar olunmuşdu.
Bunlardan başqa, 2018-ci ildə dünyanın müxtəlif hərraclarında uşaqlar üçün əsərin qəhrəmanı Vinni-Puxun orijinal xəritəsi (600 min dollar), 150 milyon il yaşı olan dinozavr skeleti (2,36 milyon dollar), Eyfel qülləsinin pilləkənləri (191 min dolar), Böyük Britaniya Kraliçasının “Rolls-Royce” avtomobili (1 milyon dollar) kimi qeyri-adi əşyalara da böyük məbləğlər ödənilib.

Bu maraqlıdır 2018-12-17 15:27:00