×
A
A
A
Sazlamalar

ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibinin müavini Fuad Hümbətov Daşkənddə keçirilən üç beynəlxalq tədbirdə iştirak edib.
ASK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk tədbir Özbəkistan hökuməti və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dünyanın on ölkəsindən olan sosial tərəfdaşların iştirakı ilə təşkil edilmiş “Əmək sferasının gələcəyi: BƏT-in 100 illiyi astanasında layiqli əməyin təyin edilməsi üzrə təşəbbüslər” adlı beynəlxalq konfransdan ibarət olub.
Tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, BƏT-in baş katibi Qay Rayder, digər rəsmi şəxslər və sosial tərəfdaşların nümayəndələri iştirak ediblər.
Fuad Hümbətov BƏT-in baş direktoru Qay Rayderlə, Özbəkistan Ticarət və Sənaye Palatası sədri Adham İkramov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Adem Kula, Türkmənistan Ticarət və Sənaye Palatası sədrinin müavini Dövletgeldi Recepov, Qırğızıstan Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev və digər rəsmi şəxslərlə görüş keçirib.
BƏT-in baş direktoru Q.Rayder bu ilin may ayında Azərbaycanda yüksək səviyyədə təşkil edilmiş analoji konfransdan məmnunluğunu ifadə edib, işəgötürənlər təşkilatlarının bir çox ölkələrdə rolunun yüksəldiyini bildirib.
Türkmənistan Ticarət və Sənaye Palatası sədrinin müavini D.Recepov bu ilin dekabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri zamanı imzalanmış mühüm sənədlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlığa böyük təkan verəcəyinə əmin olduğunu söyləyib, yaxın vaxtlarda Bakıda Türkmənistan Ticarət Evinin açılmasında ASK-ın da yaxından iştirak etməsindən çox məmnun olduğunu bildirib. O, Ticarət Evinin açılışında Türkmənistan biznes nümayəndə heyətinin iştirak edəcəyini deyib.
Digər iki beynəlxalq tədbir - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qrupunda iştirak və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatası ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında Əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması olub.
Beynəlxalq konfransda Azərbaycan hökumətini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli təmsil edib.

Biznes 2018-12-14 15:45:00