×
A
A
A
Sazlamalar

Vurğun Vəkilov: Ulu Öndərin adı hər birimizə Vətən sevgisi aşılayır

Strasburq, 13 dekabr, AZƏRTAC

Parisə gəldiyim gündən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə bəstəkarlarımızın əsərlərini müntəzəm olaraq səsləndirmişəm. Ancaq bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimində, xüsusilə də onun çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısını dostum və Parisdə mənimlə eyni məktəbdə təhsil alan fleytaçı Ağarəhim Quliyevlə birgə ifa etməkdən böyük şərəf duydum.
Bu fikirləri Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar təşkil edilən anım mərasimində istedadlı pianoçu, École normale de musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, Xalq şairi Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov AZƏRTAC-a müsahibəsində söyləyib.
Vurğun Vəkilov 2008-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş gənc ifaçıların I Respublika müsabiqəsinin qalibi olub və bu onun ilk uğurlarındandır. “Azərbaycanın həyatında böyük rol oynamış Heydər Əliyevin adı gələndə ilk olaraq qələbə haqqında düşünürəm. Bu zaman məsuliyyət hissim daha da artır. Düşünürəm ki, nə qədər çox uğur qazansam, ölkəmi xaricdə daha çox tanıdacaq və onu sevdirə biləcəyəm. Ümummilli Liderin adı hər birimizə Vətən sevgisi aşılayır”, - deyə gənc pianoçu vurğulayıb.
Kiçik yaşından bir çox festivalların qalibi olduğundan Vurğun Vəkilovun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Elmira Mustafayeva və Bakı Musiqi Akademiyasının prorektoru Oqtay Abbasquliyevdən ixtisas təhsili almış gənc pianoçu həmin Akademiyaya daxil olub. Yenilik və inkişaf axtarışında olan istedadlı gənc sonra xaricdə təhsillə maraqlanmağa başlayıb.
“Fransada (Annemasse) və İsveçrədə (Cenevrə) pianoçuların Adilə Əliyeva adına Beynəlxalq Müsabiqəsi haqqında eşitdim. Müsabiqədə ilk yerləri tutanlara 15 min avro məbləğində pul mükafatı və École normale de musique de Paris-Alfred-Cortot ali musiqi məktəbində pulsuz təhsil almaq üçün təqaüd verildiyini eşidib bu musiqi yarışmasına qatılmaq qərarına gəldim. 2016-cı ildə Fransanın Annemasse şəhərində keçirilən pianoçuların Adilə Əliyeva adına X Beynəlxalq Müsabiqəsinin laureatı oldum və Parisin ali musiqi məktəbində pulsuz təhsil almaq şansı qazandım”, - deyə istedadlı pianoçu bildirib.
École normale de musique de Paris-Alfred-Cortot ali musiqi məktəbində Azərbaycan əsilli Rena Şereşevskayanın piano sinfinə qəbul edilmiş Vurğun Vəkilov ölkəsində təhsil alanda Prezident təqaüdçüsü olduğunu xatırladıb.
Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən istedadlı pianoçu hazırda Parisin ali musiqi məktəbində R.Şereşevskayanın piano sinfində təhsilini davam etdirir. Onun üçün yeni bir piano dünyası açan müəlliminə minnətdarlığını ifadə edən Vurğun Vəkilov deyib ki, hazırda təhsil aldığı ali musiqi məktəbinin tələbələri arasından ən istedadlısını seçmək məqsədilə il ərzində silsilə “Midi et demi” (Birin yarısı) konsertləri təşkil olunur. O, həmin konsertlərdə mütəmadi iştirak edir.
“Diplome Superieur de Concertiste” kursunun sonunda “Prix Cortot” mükafatı üçün keçirilən müsabiqədən söz açan gənc pianoçu vurğulayıb ki, bu müsabiqədə 50 namizəddən yalnız biri qalib seçilir. Arzusu “Prix Cortot” mükafatına sahib olmaqdır. Bu məqsədlə bir neçə gün əvvəl məktəbin “Midi et demi” konsertində alman bəstəkarı Robert Şumanın fortepiano üçün silsilə əsərlərindən olan “Simfonik etüdlər”ini səsləndirib və ifası böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Vurğun Vəkilov hələ 13 yaşında İtaliyanın Pesaro şəhərində keçirilmiş VIII “Citta di Pesaro” Beynəlxalq müsabiqəsinin qalibi olub.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Siyasət 2018-12-13 20:26:00