×
A
A
A
Sazlamalar

Ələkbər Mustafayev: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin reallaşdırdığı layihələr 8 mindən çox gənci əhatə edib

Bakı, 13 dekabr, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsində müvafiq dövlət qurumları ilə yanaşı, gənclər təşkilatları da fəal iştirak edirlər. Məhz gənclər təşkilatlarının bu prosesdə fəal iştirakı bu istiqamətdə mühüm uğurların əldə olunmasına böyük töhfə verir. Gənclər təşkilatları müxtəlif istiqamətlər üzrə səmərəli fəaliyyətləri ilə ölkə gənclərinin inkişafında mühüm rol oynayırlar. Ölkəmizdə ən fəal gənclər təşkilatlarından biri də 1998-ci ildən “Debat” təhsil proqramı kimi fəaliyyətə başlayan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyidir (DVC). İctimai Birliyin sədri Ələkbər Mustafayev təşkilatın fəaliyyəti, dövlət gənclər siyasətində oynadığı rolla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) Azərbaycanda ən fəal gənclər təşkilatlarından biridir. İctimai Birlik fəaliyyəti dövründə bir neçə mühüm layihələr həyata keçirib. Təşkilatın ən böyük layihələrindən biri olan “Respublika Gənclər Debat Forumu: Yaz 2018”ə bu ilin iyulunda yekun vuruldu və qaliblər bir neçə gün əvvəl mükafatlandırıldı. Ümumiyyətlə, bütün bu işlər, təşkilatın cari ildəki fəaliyyəti barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.
- Bildiyiniz kimi, DVC-nin reallaşdırdığı genişmiqyaslı Milli Debat Proqramı 20 il ərzində 40 min gənci əhatə edib. İyulda yekunlaşdırılmış “Respublika Gənclər Debat Forumu: Yaz 2018”dən sonra debatçılarımız yay mövsümündə də öz fəaliyyətlərinə davam ediblər. Belə ki, asudə vaxtın səmərəli təşkili üçün istər məktəblərdən, istərsə də universitetlərdən olan debatçılarımızın iştirakı üçün iki fərqli debat düşərgəsi təşkil olunub. Bundan əlavə, payız mövsümündə də bir debat düşərgəsi təşkil edilib. Bu düşərgələr ölkənin fərqli regionlarında keçirilərək Bakıda və regionlarda yerləşən universitetlərdən, həmçinin paytaxt məktəblərindən olan 200-ə yaxın gənc və yeniyetməni əhatə edib. Daha sonra isə ilk dəfə simulyasiya formatında 1919-1920-ci il Paris Sülh Konfransının oyunları keçirilib. Burada Azərbaycan və rus bölmələrində gənclər fəal iştirak edərək müxtəlif nailiyyətlər qazanıblar.
Əlavə etmək istəyirəm ki, 2010-cu ildən davamlı olaraq keçirilən “Respublika Gənclər Debat Forumu” çərçivəsində gənc debatçılarımız artıq payız mövsümünə hazırlaşırlar.
- DVC-nin fəaliyyəti ölkəmizin bölgələrində necə təşkil olunur? Gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn debat forumunun əhatə dairəsinin genişləndirilməsi istiqamətində hansı tədbirlər görülür?
- Təşkilatımız ölkə ərazisində 12 regional mərkəzlə təmsil olunur. Qeyd edək ki, ölkə miqyasında 200-dən çox təhsil müəssisəsində fəaliyyətimiz hər zaman olduğu kimi, yüksək fəallıqla davam etdirilir. DVC və Milli Debat Proqramı gənclər üçün yalnız debat turnirləri deyil, həm də natiqlik, özünü təqdimetmə, ictimai natiqlik bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif təlimlər keçirir. Təşkilatımızın regionlarda əhatə dairəsinin genişləndirilməsi üçün daim çalışırıq. İstər məktəb və kolleclər, istərsə də universitetlərlə əlaqələrimizi yaxşı səviyyədə qururuq.
- İstərdik, bir qədər də DVC-nin digər bir layihəsi – “Youth Inc.” Sahibkarlıq Proqramı barədə danışasınız. Bu proqram üzrə indiyədək hansı işlər görülüb? Qarşıda yeni tədbirlərin təşkili nəzərdə tutulurmu?
-“Youth Inc.” Sahibkarlıq Proqramı Prezident İlham Əliyevin sahibkarlıq və biznes sahəsi haqqında fərman və sərəncamlarına əsasən, 2012-ci ildən pilot layihə olaraq yaradılıb və 2013-cü ildən rəsmi fəaliyyətə başlayıb. Proqram Gənclər və İdman Nazirliyinin və “Coca-Cola” şirkətinin dəstəyi ilə fəaliyyətini davam etdirir. 2015-ci ildə isə Bakıda Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Bu proqram çərçivəsində inkubasiya mərkəzi sahibkarlığa dəstək göstərərək təlimlər, ustad dərsləri həyata keçirib, 16 startapın yaranmasına, 34 biznes layihənin inkişafına töhfə verib. Həmçinin qeyd edək ki, fəaliyyətimiz dövründə 200-dən çox iş imkanı yaradılıb və layihələrimiz 8 mindən çox gənci əhatə edib.
Hazırda proqramın növbəti layihəsi kimi bir il ərzində ölkənin dörd iqtisadi regionunu əhatə edəcək “Yeni nəsil” layihəsi fəaliyyətə başlayır. Bu layihənin icrası müddətində dörd iqtisadi rayondan 2 mindən çox gənc biznes və maliyyə savadlılığını artıraraq, biznes ideyalarını quracaq və ya mövcud ideyalarını inkişaf etdirəcək. Həmin gənclər, 35 min manatadək investisiya əldə etmək şansı da qazanaraq altı aylıq mentor görüşlərində iştirak edəcəklər.
- DVC-nin beynəlxalq əməkdaşlığı barədə nə deyə bilərsiniz?
- Xüsusi vurğulamaq istərdim ki, dövlət gənclər siyasətinin icrasında fəal rol oynayan təşkilatımız Milli Karyera və İşədüzəltmə Assosiasiyasının həmtəsisçisi, öz sahəsində dünya lideri olan Milli Biznes İnkubatorlar Assosiasiyasının (INBIA) və Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) Azərbaycanda yeganə tərəfdaşıdır. DVC, həmçinin dünyanın 140 ölkəsini əhatə edən “Qlobal sahibkarlıq həftəsi”nin Azərbaycanda məxsusi nümayəndəsi və Amerika-Azərbaycan Ticarət Palatasında (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır. Təşkilatımızın fəal gəncləri xaricdə keçirilən müxtəlif forum və tədbirlərdə Azərbaycan nümayəndə heyəti qismində iştirak edirlər.

Sosial 2018-12-13 19:07:00