×
A
A
A
Sazlamalar

Rusiyadan təbəqə dəmirlərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük vaqonlarla nəqlinə başlanılıb

Bakı, 13 dekabr, Elvin Camalov, AZƏRTAC

Rusiyanın Maqnitoqorsk Metallurgiya kombinatından Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşınan təbəqə dəmirlərin sınaq olaraq yük vaqonları ilə nəql edilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “ADY Express”dən məlumat verilib.
Bildirilib ki, Rusiyanın Maqnitoqorsk Metallurgiya kombinatının yükləri Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə nəql edilməkdə davam etdirilir. Bu vaxta kimi Rusiyada istehsal edilən təbəqə dəmir Türkiyəyə konteynerlər vasitəsilə daşınırdısa, artıq nəql prosesi yük vaqonları vasitəsilə həyata keçirilməyə başlanılıb. Daha çox yükgötürmə qabiliyyətinə malik vaqonlar vasitəsilə daşımanın həyata keçirilməsi iqtisadi cəhətdən səmərəli sayılır. Yüklərin daşınması “ADY Express” MMC-nin operatorluğu ilə həyata keçirilir və əvvəlki kimi Maqnitoqorsk Metallurgiya kombinatının Türkiyədəki törəmə müəssisəsinə daşınır.
Təbəqə dəmir ilə yüklənmiş vaqonlar Rusiyanın Maqnitoqosrk-Qruzovoy stansiyasından yola salınıb. Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi əməliyyatından sonra, Qarsa yola düşüb oradan da Türkiyənin Payas stansiyasına çatdırılacaq. Ümumən 17 gün ərzində yük vaqonları 5 min kilometrə yaxın məsafəni qət edir. 6 yarımvaqon tipli yük vaqonlarda ümumən 372 ton təbəqə dəmir nəql edilir ki, bu da Maqnitoqorsk Metallurgiya kombinatı üçün test olaraq həyata keçirilir. Test daşıması uğurlu olacağı təqdirdə, bunda sonra həmin yüklər konteyner yox məhz yük vaqonları vasitəsilə nəql ediləcək.
Xatırladaq ki, bu vaxta kimi, Maqnitoqorsk Metallurgiya kombinatı öz məhsulunu Türkiyəyə Qara dəniz vasitəsilə çatdırırdı. Ümumiyyətlə isə Maqnitoqorsk Metallurgiya kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir ki, onun da bir hissəsi artıq BTQ dəmir yolu ilə nəql edilir.

Nəqliyyat 2018-12-13 18:35:00