×
A
A
A
Sazlamalar

Astaralı idmançılar Dünya kuboku yarışlarında 7 medal qazanıblar

Astara, 13 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astaralı idmançılar Bakı şəhərində keçirilən yeniyetmələr, gənclər və böyüklər arasında budo döyüş növləri üzrə açıq Dünya kuboku yarışlarında uğurla çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş gün davam edən Dünya kubokunun “Free Contact” yarışlarında astaralı idmançılardan İsa Hüseynov 55, Yusif Mirzəyev 75 kiloqram çəki dərəcəsində birinci, Qulam Əskərli 35 kiloqram çəki dərəcəsində üçüncü, “Full Contact” yarışlarında Cəlal Əhmədov 35, Nurlan Əlizadə 60 və Orxan Məmmədzadə 65 kiloqram çəki dərəcəsində ikinci, Rəvan Bayramov isə 55 kiloqram çəki dərəcəsində üçüncü yerə sahib olublar.
İdmançıları yarışa VKC karate üzrə III dan qara kəmər ustası, məşqçi-müəllim Baxşıyev Zamin və budo döyüş növləri üzrə V dan qara kəmər ustası, məşqçi-müəllim Rəhmanov Ramiq hazırlayıblar.
Astara Rayon Gənclər və İdman İdarəsində Dünya kuboku yarışlarında uğur qazanmış idmançılarla görüş keçirilib.
İdarənin rəisi Ərçə Əliyev idmançı gəncləri qazandıqları nailiyyətlər münasibətilə təbrik edərək, onlara gələcək yarışlarda yeni-yeni qələbə sevincləri arzulayıb.

Regionlar 2018-12-13 18:30:00