×
A
A
A
Sazlamalar

Gəncədə “Müasir Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC 

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Gəncə regional ofisi ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Müasir Azərbaycan gəncləri” mövzusunda konfrans təşkil edib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhər Gənclər evində keçirilən konfransa Mərkəzin üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri və fəal gənclər qatılıblar.
Tədbirdə çıxış edən GTM Gəncə regional ofisinin rəhbəri Gülnar Məmmədova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb. O, Ulu Öndərimizin hər zaman gənclərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığını diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycan gəncləri vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətin bəhrəsini görür, özləri də bu siyasətin həyata keçirilməsində fəal iştirak edir və uğurlar qazanırlar. Bu gün gənclərimiz həmin siyasətin nəticəsində nəinki ölkəmizdə, hətta respublikamızın hüdudlarından kənarda da Azərbaycanı müxtəlif sahələrdə layiqincə təmsil edirlər.
Çıxışlardan sonra konfrans işini “Azərbaycanda gənclər siyasəti və müasir gənclərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda interaktiv müzakirələrlə davam etdirib.

Sosial 2018-12-13 18:05:00