×
A
A
A
Sazlamalar

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, Strateji Yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 14 fevral tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib və uğurla icra olunur.
Bununla yanaşı, gələn il oktyabrın 1-10-da ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasından danışan komitə sədri qeyd edib ki, "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Prezident İlham Əliyevin 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli Qərarına uyğun olaraq əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi üçün bu il oktyabrın 1-10-da Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması müvəffəqiyyətlə baş tutub. Sınaq siyahıyaalınması zamanı Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış 50-yə yaxın metodoloji və köməkçi sənədlər uğurla sınaqdan keçirilib.
Komitənin statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” üzrə icrası 2019-cu ildə nəzərdə tutulan tədbirlərlə bağlı, siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev isə cari ildə Qəbələ rayonunda keçirilmiş əhalinin sınaq siyahıyaalınmasının yekunları haqqında məlumat veriblər.
Müzakirələrlə davam edən şura iclasda mövzu ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul olunub.

İqtisadiyyat 2018-12-13 17:58:00