×
A
A
A
Sazlamalar

Mədəni irsin təşkili və idarə olunması sahəsində İtaliya ilə əməkdaşlıq davam etdirilir

Bakı, 13 dekabr, AZƏRTAC

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Pyemonte regionunda “İnteqrasiyalı idarəetmənin planlaşdırılması” mövzusunda tvinninq layihəsində tərəfdaş olmuş İtaliyanın Mədəni İrs və Fəaliyyətlər Nazirliyi ilə birgə hazırlanmış tədqiqat səfərində iştirak edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi “İnteqrasiyalı idarəetmə planı”nın icrası və ölkədə daha geniş miqyasda tətbiq
edilməsidir.
Proqram çərçivəsində nümayəndə heyəti “İtaliyada mədəni irsin təşkili və idarə olunması: Milli səviyyədən yerli səviyyəyə qədər” mövzusunda İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndələri ilə Turində görüş keçirib, bu ölkənin dövlət mədəniyyət müəssisələrinin fəaliyyəti, onların planlaşdırılması və həyata keçirilməsi ilə tanış olub.
Həmçinin səfər zamanı, regionun Asti və Alba əyalətlərinə də səfər təşkil edilib. Nümayəndə heyəti “Asti Əyalətinin Tarixi Kəndləri” – tarixi mərkəzi ictimai yerlərin müasirləşdirilməsi layihəsi, eləcə də Qoriya Fondu və Asti Muzey Fondu, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Lanqe Roero və Monferrato əraziləri ilə tanış olub.
Qeyd edək ki, 2016-2018-ci illərdə həyata keçirilən “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə dəstək” adlı tvinninq layihəsinə əsasən, İsmayıllı Regional Mədəniyyət İdarəsi pilot region müəyyən edilərək İtaliya təcrübəsi nəzərə alınaraq “İnteqrasiyalı idarəetmə planı” hazırlanıb.

Mədəniyyət 2018-12-13 17:41:00