×
A
A
A
Sazlamalar

Qaxlı fermerlər indiyədək 878 ton quru tütün istehsal ediblər

Qax, 13 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Qax rayonunun fermerləri 623,5 hektar sahədə tütün yetişdiriblər. Əkin sahələrinin 605 hektarına “Virciniya” növlü ətirli, 18,5 hektarına isə yerli tütün sortları əkilib. Artıq təsərrüfatlarda tütün yığımı yekunlaşmaq üzrədir. Mövsümün əvvəlindən indiyədək sahələrdən 6 min 132 ton yaşıl tütün kütləsi tədarük olunub. Eyni zamanda, fermerlər yetişdirdikləri tütün sortlarından 878 ton quru tütün istehsal ediblər. Mövsümün sonunadək quru tütün istehsalının 900 tona çatacağı gözlənilir. Ötən təsərrüfat ilində isə rayonda 810,3 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, rayonda taxıl səpini də başa çatmaq üzrədir. Fermerlər bu günədək 10 min 722 hektarı buğda, 2 min 861 hektarı arpa olmaqla, 13 min 583 hektar sahəyə toxum səpiblər. Rayonda gələn ilin məhsulu üçün 14 min hektarda payızlıq dənlilərin səpini nəzərdə tutulur.
Builki mövsümdə qaxlı fermerlər 13 min 572 hektar taxıl sahəsindən 41 min 97 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 30,2 sentner olub.

Kənd təsərrüfatı 2018-12-13 17:26:00