×
A
A
A
Sazlamalar

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Rusiyada səfərdədir

Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Rusiya Federasiyasında səfərdədir.
KOBİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov səfər çərçivəsində bir sıra görüşlər keçirib. Moskva Meriyasının Xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Yevqeni Dridze ilə keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, kiçik və orta sahibkarlığa göstərilən dəstək mexanizmləri barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşəbbüsü ilə təşkil olunmuş görüşdə Rusiyada təhsil alan azərbaycanlı tələbələr də iştirak edib və tədbir çərçivəsində onları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası arasında bu ilin sentyabrında imzalanmış Yol Xəritəsinə uyğun olaraq, hər iki ölkənin iş adamlarının iştirakı ilə görüş keçirilib. KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovun, Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının icraçı direktoru Aleksandr Bravermanın, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Təmiz Şəhər" ASC-nin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişləndirilməsi, bu istiqamətdə birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.
Tədbir çərçivəsində kənd təsərrüfatı, tikinti, İKT, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan və Rusiya iş adamları arasında yeni əlaqələrin qurulmasına, əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb, Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası tərəfindən seminar təşkil olunub.

Biznes 2018-12-13 17:15:00