×
A
A
A
Sazlamalar

Çindən ölkəmizə gətirilən tut tinglərinin 70 mini Balakən rayonunda əkilib

Balakən, 13 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İntensiv tipli yeni tut bağlarının salınması məqsədilə bir müddət əvvəl Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mini bölgü əsasında Balakən rayonuna göndərilib. Artıq tinglərin əkini tam təmin olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Qurumun rəsmisinin bildirdiyinə görə, payız mövsümündə rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 130 min ədəd yerli tut tinginin əkilməsi də planlaşdırılır. Bu günədək rayonun qəsəbə və kəndlərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində nazirlik tərəfindən 72 min ədəd yerli tut tingi əkilib və bu istiqamətdə işlər davam etdirilir.

Kənd təsərrüfatı 2018-12-13 15:52:00