×
A
A
A
Sazlamalar

Tələbələr Litva ali təhsil ocaqlarında Azərbaycan günlərinin keçirilməsi üçün təşəbbüs qrupu yaradıblar

Vilnüs, 13 dekabr, AZƏRTAC

Litva ali təhsil ocaqlarında ənənəvi olaraq hər ilin sonunda “Beynəlxalq gün” qeyd olunur.
AZƏRTAC xəbər verir ki, festival ab-havasında keçirilən bu tədbirlərdə Litvada təhsil alan xarici tələbələr öz ölkələrinin və xalqlarının milli mədəni irsini təbliğ etmək, mətbəx nümunələrini göstərmək üçün yarışırlar.
Vilnüs Biznes Kolleci və Litva Sosial Elmlər Kollecində ayrı-ayrı vaxtlarda keçirilən tədbirlərdə İspaniya, Fransa, Belarus, Estoniya, Ukrayna, Misir, Qazaxıstan və bir çox Afrika ölkələrindən olan gənclərlə yanaşı, azərbaycanlı tələbələr də iştirak edib. Çoxsaylı tədbir iştirakçılarına ölkəmiz barədə məlumat verilmiş, xalqımızın milli geyimləri, adət və ənənələrindən örnəklər, musiqi və rəqs nümunələri, milli mətbəximizdən təamlar təqdim olunub.
Adıçəkilən kolleclərin tələbələri Azər Həsənli, Abbas Mehdiyev, Nərmin Quluzadə, Məhərrəm Savalanzadə, Kamran Nəsirli xüsusi fəallıq göstəriblər. Tələbə gənclərimiz Litva ali təhsil ocaqlarında xüsusi Azərbaycan günlərinin keçirilməsi üçün təşəbbüs qrupu yaradıblar.
Oxşar tədbirlərin Vilnüs və Kaunasın digər universitetlərində də təşkili nəzərdə tutulur.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Mədəniyyət 2018-12-13 15:48:00