×
A
A
A
Sazlamalar

Bəxtiyar Aslanbəyli: Azərbaycanın neft istehsalını azaltmaqla bağlı öhdəliyi AÇG-dəki hasilata təsir etməyəcək

Bakı, 13 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Azərbaycanın gələn ildən etibarən gündəlik neft istehsalının azaldılmasına dair götürdüyü öhdəlik “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ümumi hasilata təsir etməyəcək.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Azərbaycanın 2019-cu ilin 6 ayı üzrə sutkalıq neft hasilatını azaltmaqla bağlı götürdüyü öhdəlik AÇG-dən ümumi istehsala təsir etməyəcək. Gələn il AÇG-də neft hasilatının cari il səviyyəsində olması gözlənilir”, - deyə “BP Azerbaijan”ın vitse-prezidenti bildirib.
Qeyd edək ki, OPEC və OPEC+ üzrə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Gələn ilin yanvar ayından qüvvədə olacaq və 6 ayı əhatə edəcək bu qərar üzrə Azərbaycan oktyabrda gündəlik 783 min barrel olan neft hasilatını növbəti ildən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Azərbaycan gələn ildən neft hasilatını sutkada 763 min barrel həcmində saxlamalıdır. Noyabr ayı üzrə ölkədə gündəlik neft istehsalı 801 min barrel olub.
Cari ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gündəlik hasilatın orta hesabla 581 min barrel olacağı proqnozlaşdırılır. Bu vaxtadək AÇG-də ümumi neft istehsalı 3,5 milyard barrelə çatıb. Bu ilin 3 rübündə isə AÇG-dən hasilat sutkalıq orta hesabla 588 min barrel olmaqla ümumilikdə təqribən 161 milyon barrel, yəni 22 milyon ton olub.

Neft - qaz 2018-12-13 13:47:00