×
A
A
A
Sazlamalar

Dövlət Duması yanlış məlumatların yayılmasına görə cərimə tətbiqi barədə qanun layihəsini müzakirə edib

Moskva, 13 dekabr, AZƏRTAC

Rusiya Dövlət Duması KİV-lərdə və internetdə yanlış məlumatların (feyk xəbərlərin) yayılmasına görə cərimə tətbiq olunması barədə qanun layihəsini müzakirə edib. Layihədə, həmçinin xarici sosial şəbəkə operatorlarının Rusiyada öz nümayəndəliklərini yaratması məsələsi də yer alıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsində KİV-lərdə və informasiya-kommunikasiya şəbəkələrində ictimai cəhətdən əhəmiyyət kəsb edən, vətəndaşların həyatı və sağlamlığı, həyati vacib obyektlərin, nəqliyyatın və sosial infrastrukturun fəaliyyətinin dayanması üçün təhlükə yaradan, habelə ictimai asayişin və təhlükəsizliyin kütləvi şəkildə pozulmasına səbəb olan yanlış məlumatların mötəbər informasiya kimi yayılmasına görə bir milyon rubladək (təxminən 25 min 500 manat) cərimə nəzərdə tutulur. Bundan əlavə, prokurorluq orqanlarına yanlış məlumat yaymış informasiya resursunun fəaliyyətinə məhdudiyyət qoyulması tələbi ilə müvafiq orqanlara müraciət etmək səlahiyyəti verilə bilər.
Layihə müəlliflərinin fikrincə, “feyk” xəbərlər vətəndaşların həyat və sağlamlığı üçün real təhlükə yaradır, kütləvi iğtişaşlara səbəb ola bilir.
Qanun layihəsinə 2019-cu ilin yanvarında baxılacaq.
Xatırladaq ki, VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirilmişdi. Sessiyada cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məsələlər müzakirə olunmuşdu.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2018-12-13 13:23:00