×
A
A
A
Sazlamalar

Bəxtiyar Aslanbəyli: Hazırda “Şahdəniz-2” yatağındakı 4 quyudan təbii qaz çıxarılır

Bakı, 13 dekabr, Nihad Budaqov, AZƏRTAC
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” yatağındakı 4 quyudan hazırda təbii qaz hasil olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Şahdəniz-2” yatağındakı “Şahdəniz Bravo” və “Şahdəniz Alfa” platformalarından 2 yarımdalma qurğusu vasitəsilə ümumilikdə 26 qaz hasilat quyusunun qazılması nəzərdə tutulur. “Şahdəniz Bravo” platformasından hasilat üçün 14 quyu qazılıb. Bu quyulardan 10-u tamamlanıb. Dörd quyudan isə hazırda təbii qaz hasil olunur”, - deyə B.Aslanbəyli əlavə edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi üzrə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri mayın 29-da Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil olub. Bunun ardınca iyunun 30-da “Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başlayıb. “Şahdəniz-2” yatağının şimal cinahındakı “SDC03Z” quyusunun ventili açılaraq “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm nailiyyətdir. Hazırda “Şahdəniz Bravo” qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunur.

Neft - qaz 2018-12-13 13:17:00