×
A
A
A
Sazlamalar

Yaponiya hökuməti daha çox əcnəbi işçi cəlb etmək üçün proqram hazırlayır

Tokio, 13 dekabr, AZƏRTAC 

Yaponiyada gələn ilin aprelində qüvvəyə minəcək immiqrasiya haqqında yeni qanun ölkəyə gələn əcnəbi işçilərin sayının artmasına güclü təkan verəcək.
AZƏRTAC xəbər verir ki, Yaponiya hökuməti ölkədə daha çox sayda əcnəbi işçilərin işlə təmin olunması üçün yeni sistemin layihəsinin hazırlayır. Hökumət cari ilin sonunadək yeni proqramın necə işləyəcəyi barədə tam təsəvvür yaratmağı planlaşdırır.
Yeni sistem xidmət və tikinti sahələri də daxil olmaqla, 14 sektoru əhatə edəcək. Parlamentin dekabrın 10-da başa çatan fövqəladə sessiyasında elan edilən plana əsasən, hökumət gələn ilin aprelindən başlayaraq, qarşıdakı 5 il ərzində ölkəyə 345 min işçinin cəlb edilməsini nəzərdə tutur.
Hər bir sektor üzrə əcnəbi işçilərin maksimum sayı sonradan dəqiqləşdiriləcək.
Sektorlar üzrə müraciət edənlərə yapon dilinin öyrənilməsi səviyyəsi üzrə yeni test təqdim ediləcək. İlkin baza səviyyəsinə malik olan və ya yapon dilini təklif edilən testdən yuxarı bilən əcnəbi işçilər yeni imtahandan azad ediləcəklər.
Məmurlar, həmçinin tibb bacısı kimi işə qəbul edilmək istəyənlər üçün texniki terminlər üzrə imtahanların keçirilməsini nəzərdə tuturlar.
İmtahanlardan uğurla çıxanlar əsasən, özəl şirkətlərdə çalışacaqlar. Kənd təsərrüfatı və balıqçılıq üzrə işin xarakteri fəsillərdən asılı olduğuna görə, bu işçilərə bir neçə iş yeri təklif oluna bilər.
Hökumət bəyan edib ki, müvafiq nazirliklərin və müəssisələrin nümayəndələri öz fikirlərini son istiqamətlərin müəyyən olunması üçün razılaşdırmalıdırlar.
Bundan əlavə, hökumət uğurlu nəticə göstərənlər üçün yeni viza statusu verilməsi məqsədilə testlərin keçirilməsini də planlaşdırır.
Hökumət testlərin Asiyanın səkkiz ölkəsində keçirməyi planlaşdırır. Hazırda 7 ölkədə - Vyetnam, Filippin, Kamboca, İndoneziya, Çin, Tailand və Myanmada testlərin keçirilməsi nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-13 12:58:00