×
A
A
A
Sazlamalar

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Ulu Öndərin xatirəsi anılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində açıq qapı günü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ziyarətçilər muzeydə Mstislav Rostropoviç və Ulu Öndərin nadir fotoşəkilləri, bu iki şəxsiyyətin böyük dostluğunu əks etdirən əlyazma məktubları və digər qiymətli əşyalara baxıblar.
Gün ərzində muzeyə gələn Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, İncəsənət Gimnaziyasının şagird və müəllim heyəti üçün ekskursiyalar təşkil olunub, muzeyin zəngin kinofondunda yer alan rejissor T.Aşumovanın “Slavanın 5 günü” (“5 дней Славы”), Ziya Şıxlınskinin Maestroya həsr etdiyi unikal “Doğma diyar” (“Нет земли родней”) filmləri nümayiş edilib.
Sonda muzeyə gələn ziyarətçilər təəssüratlarını xatirə kitabına yazıblar.
Qeyd edək ki, L. və M.Rostropoviçlərin ev-muzeyində hər il mütəmadi olaraq Ulu Öndərin doğum və anım günləri yüksək səviyyədə keçirilir, onların dərin dostluq münasibətlərini açıqlayan elmi məqalələr, mühazirələr oxunur, muzeyin zəngin fondundan çıxarılmış şəkillərdən ibarət videoçarx və filmlər nümayiş etdirilir.

Mədəniyyət 2018-12-13 12:50:00