×
A
A
A
Sazlamalar

Birləşmiş Ştatların gündəlik neft hasilatı 11,6 milyon barrelə düşüb

Bakı, 13 dekabr, AZƏRTAC

ABŞ-ın sutkalıq xam neft istehsalı 11,6 milyon barrel səviyyəsinə enib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 108 min barrel azalaraq sutkada 11,6 milyon barrel olub. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı Alyaskda 8 min barrel, digər ştatlarda isə 100 min barrel düşüb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatında son 48 həftənin 10-da azalma qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 174 min barrel artaraq gündəlik 7,39 milyon barrelə çatıb. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 929 min barrel azalaraq sutkada 2,27 milyon barrelə geriləyib.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçısı ola bilər.
EIA-nın noyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel təşkil edəcək.

Dünya 2018-12-13 12:36:00