×
A
A
A
Sazlamalar

Avropa Parlamenti Yaponiya ilə iqtisadi tərəfdaşlıq barədə razılaşmanı dəstəkləyib

Tokio, 13 dekabr, AZƏRTAC 

Avropa İttifaqı (Aİ) ilə Yaponiya arasında iqtisadi tərəfdaşlıq barədə razılaşma fevralın 1-də qüvvəyə minəcək.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Avropa Parlamentinin Fransanın Strasburq şəhərində keçirilən iclasında bu müqavilə səs çoxluğu ilə bəyənilib.
Razılaşma Yaponiyadan Avropaya və əks istiqamətdə ixracın 90 faizindən çoxunu gömrük rüsumlarından azad edir.
Bu sənəd, eyni zamanda, xidmət sahələrinə investisiyaların yönəldilməsi də daxil olmaqla, çox geniş dairədə liberallaşmanı nəzərdə tutur.
Razılaşma qlobal ÜDM-in 30 faizini və qlobal ticarətin 40 faizini əhatə edir ki, bu da dünyanın ən böyük azad ticarət zonasının yaradılması deməkdir.
Razılaşma üzrə danışıqları aparan ticarət üzrə Avropa komissarı Sesilya Malmstryom deyib ki, Yaponiya ilə gücün birləşdirilməsi çoxtərəfli yanaşma çərçivəsini yeni mərhələyə qaldıraraq bütün dünya üçün güclü çağırış olacaq.
Xəbər verdiyimiz kimi, Yaponiya parlamenti həmin razılaşmanı ötən şənbə ratifikasiya edib.
Hazırda sənəd dekabrın 20-də təsdiq olunmaq üçün Aİ üzvü olan ölkələrin müvafiq nazirlərinə göndərilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-13 11:47:00