×
A
A
A
Sazlamalar

“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsində...

Bakı, 13 dekabr, AZƏRTAC 

“Mədəniyyət.AZ” jurnalının növbəti nömrəsi “Azərbaycan Cümhuriyyəti – 100” rubrikası ilə açılır.
AZƏRTAC xəbər verir ki, rubrikada professor Asif Rüstəmlinin araşdırma yazısı olan “Mətbuat tariximizdən ilk səhifələr”, Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə “Dövlət müstəqilliyinin bəhrəsi” və dahi azərbaycanlı Üzeyir Hacıbəylinin 1918-ci ildə “Azərbaycan” qəzetində işıq üzü görmüş “Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət” məqalələri yer alıb.
Dünyada insanlığın xilası naminə irqi ayrı-seçkiliklə mübarizə tədbirləri barədə qeydlərdə ölkəmizin sözügedən mühüm beynəlxalq konvensiyalara qoşulmasından irəli gələn vəzifələr, hamıya örnək sayılan tolerant və multikultural dəyərlərimizdən bəhs olunur.
“Ədəbiyyat” bölümündə nakam şairimiz Mikayıl Müşfiqin məzarının tapılması, 36 il öncə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırılması kontekstində dövlətimizin ziyalıya qayğısından söhbət açılır.
XX əsrin nəhəng söz adamı Çingiz Aytmatovun 90 illiyi münasibətilə hazırlanan məqalədə isə təkcə onun həyat və yaradıcılığı deyil, Azərbaycan-qırğız ədəbi əlaqələrinə də işıq tutulur.
Bu il onuncu dəfə baş tutan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının yaşatdığı musiqi bayramının ab-havası, unudulmaz görüş, müzakirə və tədbirlər, Azərbaycana təşrif buyuran əcnəbi sənətkarların ölkəmiz, xalqımız və mədəniyyətimiz barədə fikirləri Samirə Behbudqızının “Yubileylər və premyeralar festivalı” sərlövhəli reportajında əksini tapıb.
“Bu kino ki var...” tamaşaçıları İçərişəhərin mənəvi aurasına çəkən, Nəsiminin irfani poeziyası ilə duruldub saflaşdıran, Segah muğamının sehrində ovsunlayan, vətənimizin dünənindən bu gününə süzülüb gələn söz-sənət məcmusu – “İki cahan” ədəbi videolayihəsini təqdim edir.
“Portret”i cızan müəlliflərimizdən biri Hüseyn Cavidin yadigarı Turan xanım haqqında xatirələrini bölüşür, digəri böyük alim, Əməkdar elm xadimi Məhərrəm Qasımlının həyat yoluna və elmi fəaliyyətinə nəzər salır. Oxucuları “Aşıqlığın Dədə Şəmşir ucalığı”na isə elə Məhərrəm müəllimin özü aparır...
Jurnalın bu nömrəsində Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının 50 yaşı münasibətilə təbrik, Zaqataladakı qoz-fındıq-şabalıd festivalı, mədəni irsimiz Qobustan barədə yazılarla da tanış olmaq mümkündür.
“Mədəniyyət.AZ” jurnalı həmişəki kimi mahiyyətinə uyğun olaraq ömrünü dəyərli axtarışlara sərf etmiş alimlər və elm yoluna yeni qədəm qoyan gənc tədqiqatçıları tanıtmaqda davam edir.

Mədəniyyət 2018-12-13 10:37:00