×
A
A
A
Sazlamalar

Tereza Mey: növbədənkənar seçkilər və ikinci Brexit referendumu olmayacaq

Bakı, 12 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey etimadsızlıq votumu təhlükəsinə baxmayaraq, növbədənkənar parlament seçkilərinin və Brexit üzrə təkrar referendumun keçirilməsi imkanlarını istisna edib.
AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.
“Seçkilərin keçirilməsi milli maraqlara uyğun olmazdı... Biz 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə hörmətlə yanaşmalıyıq”, - Tereza Mey İcmalar Palatasında çıxış edərkən və leyborist deputat Kerri Makkartinin sualını cavablandırarkən belə deyib.
Baş nazir təkrar edib ki, partiya lideri postu uğrunda axıradək mübarizə aparmaq niyyətindədir, etimadsızlıq votumu isə Brexit və Britaniyanın Avropa İttifaqının tərkibindən yekun sazişi olmadan çıxması proseslərinin iflasına səbəb olacaq.
Xatırladaq ki, dekabrın 12-də səhər saatlarında mühafizəkarlar partiyasının rəhbər komitəsi Baş nazirə etimadsızlıq votumu prosedurunun işə salınması üçün deputatlardan lazımi qədər məktub aldığını elan edib. Votum üzrə səsvermə dekabrın 12-də axşam saatlarında baş tutacaq, nəticələri isə yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə dekabrın 13-ü saat 01:00) elan ediləcək.

 

Dünya 2018-12-12 18:14:00