×
A
A
A
Sazlamalar

Noyabrda OPEC üzrə hasilat azalıb

Bakı, 12 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Noyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC üzrə neft hasilatı noyabrda oktyabr ayı ilə müqayisədə 11 min barrel azalaraq sutkada 32 milyon 970 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə əvvəlki aya görə 0,2 faiz düşərək 32,8 faiz təşkil edib.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt artırıb. Sutkalıq neft hasilatı Səudiyyə Ərəbistanında 377 min barrel çoxalaraq 11 milyon 16 min barrelə çatıb. Birləşmiş Ərəb Əmirliklərində gündəlik istehsal 71 min barrel artaraq 3 milyon 246 min barrel, Küveytdə isə 45 min barrel çoxalaraq 2 milyon 809 min barrel olub.
Noyabrda OPEC-ə üzv ölkələrdə neft istehsalı ən çox İran, Venesuela və Nigeriyada azalıb. İranın gündəlik neft istehsalı 380 min barrel azalaraq 2 milyon 954 min barrelə düşüb. Venesuelanın hasilatı 52 min barrel geriləyərək sutkada 1 milyon 137 min barrel təşkil edib. Nigeriyada isə istehsal 30 min barrel azalaraq 1 milyon 736 min barrelə düşüb.
Keçən ay dünyada fəaliyyətə başlayan neft qazma qurğularının sayı 2 min 350 olub və onların 557-si OPEC-ə üzv ölkələrdədir.

 

Neft - qaz 2018-12-12 16:27:00