×
A
A
A
Sazlamalar

Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, 2018-ci il iyulun 2-11-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri bəlli olub.
Bu nəticələrə görə, Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə son iki il ərzində 23,3 faiz irəliləyiş əldə edib.
Dekabrın 4-5-də Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş görüşdə Büronun regional direktoru Luis Fonseka de Almeyda Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyətini təbrik edərək Azərbaycanın əldə etdiyi bu tərəqqinin 2018-ci ildə region üzrə ən yüksək nəticə olduğunu qeyd edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Arif Məmmədov L.F.Almeydaya təbrikə görə təşəkkürünü bildirərək, ölkəmizdə aviasiya sahəsində təhlükəsizliyin təmin edilməsində daha yüksək nailiyyətlərin əldə edilməsi istiqamətində bundan sonra da ICAO ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Nəqliyyat 2018-12-12 16:05:00